Mayın 8-12-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) “Xarici dillər” kafedrasının müəllimi Səbinə Qurbanova Erasmus+proqramı çərçivəsində İspaniyanın Alkala Universitetində English- II (Advanced) fənnini tədris edib.
İşgüzar səfər zamanı Səbinə Qurbanova tələbələrin və akademik heyətin qarşısında Azərbaycanın tarixi, mədəniyyəti və beynəlxalq nüfuzu barədə təqdimatla çıxış edib, eyni zamanda Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin fəaliyyət istiqamətləri haqqında ətraflı məlumat verib.
Müxtəlif metodlardan istifadə edərək fərqli tapşırıqlar vasitəsilə tələbələrin dinləmə, danışıq, oxu və yazı bacarıqlarının inkişaf etdirilməsi yönündə tədris aparıb. Mübadilə proqramı çərçivəsində dərslər yerli və xarici təcrübənin kombinə edilmiş vəhdəti əsasında keçirilib.
Qeyd edək ki, S.Qurbanova İspaniyaya səfəri müddətində Alkala Universitetinin Beynəlxalq Əlaqələr şöbəsinin əməkdaşları, Erasmus layihələrinin baş koordinatoru, həmçinin Beynəlxalq Əlaqələr şöbəsinin və Təhsil departamentinin rəhbəri ilə görüşlər keçirib. ADNSU ilə Alkala Universiteti arasında mümkün əməkdaşlıq imkanlarını müzakirə edilib.