×

Xəbərlər

Xəbərlər 20 Jun 2023
Türkiyədə ADNSU, ZBEU və TPAO-nun təşkilatçılığı ilə “Enerji Seminarı” keçirilib

İyunun 19-da Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin anadan olmasının və Türkiyə Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü münasibətilə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU), Zonguldak Bülent Ecevit Universiteti (ZBEU) və Tükiyə Petrolları Anonim Ortaklığının (TPAO) birgə təşkilatçılığı ilə “Enerji Seminarı” keçirilib. Seminarda ADNSU-nun rektoru, professor Mustafa Babanlı və onun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib. 

Türkiyə və Azərbaycanın davamlı inkişafına, elmi əməkdaşlığına və dostluğuna mühüm töhfə vermək məqsədi daşıyan 2 günlük seminarın açılışında şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Türkiyənin İstiqlal Marşı oxunub və film nümayiş olunub. 

Açılış mərasimində Zonguldak valisi Mustafa Tutulmaz çıxışında təbii qazın ölkəyə və şəhərə verilməsi töhfələrini nəzərə alaraq Zonguldağın yenidən enerji mərkəzi olma yolunda sürətlə irəlilədiyini bildirib. Son 150 ildəki müharibələrin arxasında enerji qaynaqlarına sahib olmağın vacibliyini qeyd edən Tutulmaz yeni əsrin başladığı bu dövrdə enerjinin güclü Türkiyənin ən mühüm sütunlarından biri olduğunu bildirib. O, əlavə edib ki, biz burada Azərbaycanla əməkdaşlığın gözəl nümunələrini görürük, enerji güc deməkdir və birlikdə daha güclüyük.

Seminarda çıxış edən TPAO-nun İdarə Heyətinin sədri və baş direktoru Melih Han Bilgin isə əsas prioritetlərinin gənclərə parlaq və ümidli bir Türkiyə buraxmaq olduğunu diqqətə çatdırıb. Bildirib ki, gəncləri ölkəmizin gələcək baxışında oynayacaqları rollara hazırlamaq bizim borcumuzdur.

Zonguldak Bülent Ecevit Universitetinnin rektoru, professor İsmail Hakkı Özölçer enerjinin ölkələrin inkişafı üçün ən mühüm ünsürlərdən biri olduğunu və bunun cəmiyyətin rifah səviyyəsinə birbaşa təsir etdiyini qeyd edərək qloballaşmanın təsirlərini daha çox enerji sahəsində gördüklərini söyləyib. Professor İsmail Hakkı Özölçer vurğulayıb ki, məqsədləri enerji sahəsində araşdırmaların və təşəbbüslərin sayını artırmaq, tədqiqat və inkişaf fəaliyyətini gücləndirmək, elmi bilikləri praktikaya çevirərək ölkənin texnoloji və iqtisadi inkişafına töhfə verməkdir. 

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru, professor Mustafa Babanlı isə çıxışında Azərbaycan-Türkiyə qardaşlığının, iqtisadiyyat, mədəniyyət, elm və təhsil sahəsində əməkdaşlığın, o cümlədən diplomatik əlaqələrin tarixi köklərə əsaslandığını bildirib. 44 günlük Vətən müharibəsi və nəticədə Azərbaycanın əzəli torpaqlarının düşmən tapdağından azad edilməsi zamanı Türkiyənin Azərbaycana dəstək olduğunu xatırladan rektor Mustafa Babanlı Türk birliyi, Türk dövlətlərinin birliyi, türk dünyasının əvəzsiz lideri, Prezident - Rəcəb Tayyib Ərdoğan və Azərbaycanın Prezidenti İlham Əliyev tərəfindən qurulmasının hər birimiz üçün qürur mənbəyi olduğunu bildirib. M.Babanlı çıxışında onu da qeyd edib ki, Türk dünyamızı bu gün güclü etmək istəyiriksə, təhsilə, elmə daha çox fikir verməliyik, universitetlərimizin birgə layihələri reallaşdırması gücümüzü daha da artırmalıyıq.

 


Paylaş