Avqustun 9-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektor əvəzi, dosent Vazeh Əskərov 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan məzunlarımızın ailələrini ziyarət edib.
Vətən uğrunda canlarından keçmiş ADNSU-nun bir neçə şəhid məzununun ailəsində olan dosent Vazeh Əskərov onların valideynləri ilə səmimi söhbət edib. Bildirib ki, universitet müntəzəm olaraq ADNSU-nun qəhrəman məzunlarının ailələri ilə sıx təmas saxlayır, şəhidlərimizin xatirələri dərin ehtiramla yad edilir və bu hər zaman da belə olacaqdır. ADNSU-da şəhid məzunların xatirəsininin əbədiləşməsi istiqamətində görülən işlərdən danışan dosent Vazeh Əskərov universitetdə olan şəhid abidə kompleksinin, şəhid məzunlarımızın adına açılan auditoriyaların tələbələrimizin ən çox sevdiyi məkanlar olduğunu valideynlərin diqqətinə çatdırıb.
Görüşdə şəhidlərimizin ayrılmaz parçası olduğu Azərbaycan Ordusunun yenilməzliyindən danışan dosent Vazeh Əskərov vurğulayıb ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman oğullarımız 30 ilə yaxın düşmən tapdağında olan əzəli Azərbaycan torpaqlarını işğladan azad etdi və bu Zəfərin nəticəsidir ki, biz bu gün qalib ölkənin vətəndaşları kimi nəinki ölkəmizdə, dünyanın istənilən yerində qürurla danışa bilirik, özümüzü güclü və yenilməız hiss edirik. Azərbaycanın tarixi qələbəsinə görə şəhidlərə borclu olduğumuzu qeyd edən dosent Vazeh Əskərov qəhrəman övladlarımızın hər zaman qürurla yad ediləcəyini, onların döyüş yolunun gənc nəsilə nümunə göstəriləcəyini və bunun üçün əlimizdən gələni əsirgəməyəcəyimizi deyib.
Şəhid valideynləri də onlara göstərilən diqqətə görə razılıqlarını bildiriblər və övladlarının vaxtı ilə təhsil aldığı Azərbaycan Dövlət Neft və Sənaye Universitetini və onun böyük kollektivini özlərinə doğma bildiklərini deyiblər.
Görüş zamanı şəhidlərimizin abidə kompleksləri ziyarət olunub, büstləri önünə gül dəstələri qoyub.