×

Xəbərlər

Xəbərlər 14 Nov 2023
ADNSU “QS Higher Education Summit: Asia Pacific 2023”-ün gümüş sponsoru qismində çıxış edib

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Beynəlxalq əlaqələr üzrə prorektor müavini, dosent Ülviyyə Abbasova və Beynəlxalq əməkdaşlıq şöbəsinin layihələr üzrə mütəxəssisi Nuridə Cəlilli noyabrın 7-9-da Malayziyada keçirilən “QS Higher Education Summit: Asia Pacific 2023”- də iştirak ediblər. Tədbirdə Azərbaycanı təmsil edən yeganə universitet olan ADNSU sammitin gümüş sponsoru qismində çıxış edib. Dünyanın bir sıra nüfuzlu universitetlərinin minlərlə nümayəndəsinin qatıldığı sammit çərçivəsində plenar sessiyalarla yanaşı, ikitərəfli görüşlər, ali məktəblərin sərgiləri keçirilib. 

Sammit çərçivəsində ADNSU-nun nümayəndələri “QS Quacquarelli Symonds” Agentliyinin Şərqi Avropa və Orta Asiya üzrə regional direktoru Sergey Xristolyubovla müzakirələr aparıblar. Görüş zamanı ADNSU-nun “QS World University Rankings” qlobal reytinq sistemində 1200-1400-cü sıralarda qərarlaşması, universitetin Avropa ali məktəbləri arasında 434-cü, Asiyada isə 22-ci yerdə, məşğulluq göstəricisinə görə, dünya universitetləri arasında 271-ci, Azərbaycan universitetləri sırasında isə 1-ci pillədə olması mühüm nailiyyət kimi dəyərləndirilib. Sergey Xristolyubov “QS World University Rankings” qlobal reytinq sistemində irəliləmək üçün bu kimi beynəlxalq tədbirlərin təcrübə mübadiləsi, yeni əməkdaşlıq əlaqələrinin qurulması və mövcud olan əlaqələrin daha da inkişaf etdirilməsi baxımından önəmli olduğunu qeyd edərək ADNSU-nun qlobal reytinq sistemində daha ön pillələrə yüksəlməsi istiqamətində tövsiyələr verib. 

Sammit çərçivəsində universitetlərin sərgiləri zamanı iştirakçı ali məktəblər tərəfindən ADNSU-ya böyük maraq müşahidə olunub. Malayziya, İndoneziya, Çin, Hindistan və Ərəb ölkələrindən olan universitetlər ADNSU ilə ikitərəfli əməkdaşlığa maraqlarını ifadə ediblər.


Paylaş