11-16 dekabr tarixlərində Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) “ASOIU 1” və “ASOIU 8” komandaları proqramlaşdırma üzrə Gürcüstan Respublikasının Kutaisi şəhərində keçirilən “48-ci ICPC Tələbələrin Beynəlxalq Proqramlaşdırma Müsabiqəsi”nin yarımfinal mərhələsi və “Cənubi Qafqaz açıq çempionatı”nda iştirak ediblər.
Azərbaycanın 15 ali təhsil müəssisəsindən 20 komandanın (hər komandada 3 tələbə və komanda rəhbəri) iştirak etdiyi yarışda ADNSU-dan komandaların rəhbəri- “Ümumi və tətbiqi riyaziyyat” kafedrasının müəllimi İsmayılov Elviz, komandanın üzvləri - SABAH mərkəzinin “Kompüter mühəndisliyi” ixtisasının 3-cü kurs tələbəsi Məmmədova Nərmin, SABAH mərkəzinin “İnformasiya təhlükəsizliyi” ixtisasının 4-cü kurs tələbələri İsmayılov Fərid, İsmayılzadə Əhməd, Əliyev Əli və “Kompüter elmləri” ixtisasının 3-cü kurs tələbələri Əbilov Namiq, Həsənov Səddam iştirak ediblər.
Komandalara 5 saat ərzində 12 Alqoritmik məsələni “C“, “C++“, “Java“ və ya “Python” proqramlaşdırma dillərində həll etmək tapşırığı verilib. Yarışda uğurla iştirak edən “ASOIU 1” komandası “48-ci ICPC Tələbələrin Beynəlxalq Proqramlaşdırma Müsabiqəsi”nin yarımfinal mərhələsində “Honorable Mention” sertifikatı ilə təltif olunub. Məmmədova Nərmin və İsmayılzadə Əhməd isə əlavə olaraq “Cənubi Qafqaz Açıq Çempionatı”-nın fərdi yarışmasında “Certificate of High Achievement” sertifikatına layiq görülüb.