Yanvarın 31-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Elmi Şuranın 2024-cü il üçün ilk iclası keçirilib. Ənənəvi olaraq ADNSU-nun rektor əvəzi, dosent Vazeh Əskərov əvvəlcə gündəlikdə olan məsələləri şura üzvlərinə elan edib və gündəlik təsdiq olunub.
Elmi Şuranın iclasında dosent Vazeh Əskərov 2024-cü il üçün proqnozlar, konkret hədəflər haqqında ətraflı məlumat verib. Universitetdə tədrisin keyfiyyətinin yüksəldilməsi, elmi nailiyyətlərin inkişafı istiqamətində əldə olunan nailiyyətlərdən və görüləcək işlərdən danışıb.
Gündəliyə uyğun olaraq 2023-cü ildə yerinə yetirilmiş elmi-tədqiqat işlərinin yekunları və ADNSU-da magistr hazırlığının vəziyyəti barədə Elmi işlər üzrə prorektor, professor Lətafət Qardaşova məruzə ilə çıxış edib.
ADNSU-nun Tədris işləri üzrə prorektoru, dosent Qasım Məmmədov universitetin 2024-cü il üçün fəaliyyət planı haqqında və 2023-2024-cü ilinin payız semestrının imtahan sesiyasının cari vəziyyəti ilə bağlı ətraflı məlumat verdikdən sonra Energetika fakültəsinin dekanı, dosent Aydın Əliyev fakültənin fəaliyyəti haqqında illik hesabat məruzəsini təqdim edib.
İclada həmçinin, 2024-cü ildə ADNSU-nun professor-müəllim heyətinə elmi fəaliyyətinə görə bir illik diferensial əlavə maaşın verilməsi ilə bağlı məsələ müzakirə olunub və yekdil qərar qəbul olunub.
Dosent Vazeh Əskərov Elmi Şuranın iclasında qarşıdan gələn Prezident seçkilərində hər kəsi fəal olmağa səsləyib.
Gündəlikdə olan məsələlər şura üzvləri ilə müzakirə edildikdən sonra yekdil qərarlar qəbul olunub. Dosent Vazeh Əskərov müzakirəyə çıxarılan məsələlərlə bağlı irad və təkliflərini bildirib, görüləcək işlər və qarşıdakı hədəflər haqqında tapşırıqlar verib.