×

Xəbərlər

Xəbərlər 30 May 2024
ADNSU-da “TİPx: İnklüziv cəmiyyəti necə formalaşdıraq?” mövzusunda tədbir keçirilib

Mayın 30-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialı tərəfindən növbəti “Tələbə İnkişaf Platforması” (TİPx) çərçivəsində “TİPx: İnklüziv cəmiyyəti necə formalaşdıraq?” mövzusunda tədbir keçirilib. 

Konfransda açılış nitqi ilə çıxış edən ADNSU-nun Elmi işlər üzrə prorektoru, professor Lətafət Qardaşova və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyəti sədrinin müavini Ülvi Abasquliyev inklüziv cəmiyyətin əsas prinsiplərindən danışıb, Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyası tərəfindən qəbul edilmiş dayanıqlı inkişaf məqsədlərinin 10-cu müddəası olan bərabərsizliyin azaldılması müddəalarına diqqət çəkiblər.  

Konfransda spikerlər: sosial sahibkar, “DanceAbility Azerbaijan” - İnklüziv Rəqs Şirkəti və Təlim Mərkəzinin təsisçisi Nigar Sultanova,   Müstəqil Həyat Tərzi Əlillərə Dəstək İctimai Birliyinin (İB) sədri, əlillik məsələləri üzrə ekspert, Word  Disability Union Beynəlxalq Təşkilatın İdarə Heyətinin üzvü Aydın Xəlilov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin baş müəllimi, pedaqogika üzrə fəlsəfə doktoru, Regional İnkişaf İctimai Birliyinin İnklüziv Təhsil proqramları üzrə eksperti Gülşən Eminova  və tələbələr iştirak ediblər. 

İnteraktiv formatda keçirilən tədbirdə spikerlər İnklüziv cəmiyyətin əsas prinsipləri, sosial birlik və qarşılıqlı fəaliyyətin əsas istiqamətlərindən danışılıb. Eyni zamanda, xüsusi qayğıya ehtiyacı olan, fiziki məhdudiyyətli insanlarla işlər, gender məsələləri ilə əlaqəli işlər, əlilliyi olan şəxslərin cəmiyyətə səmərəli inteqrasiyası üçün imkanların yaradılması, inklüziv cəmiyyət üzrə qabaqcıl beynəlxalq təcrübələrin öyrənilməsi və tətbiqi, təhsil müəssisələrinin potensialının artırılmasına davamlı dəstək və digər bu kimi məsələlər haqqında ətraflı məlumat verilib, müzakirələr aparılıb. Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.


Paylaş