İyulun 31-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinə (UFAZ) 2024/2025-ci tədris ili üçün bakalavr pilləsi üzrə qəbul imtahanı keçirilib.
ADNSU-nun rektor əvəzi, dosent Vazeh Əskərov, UFAZ-ın İcraçı direktor əvəzi Lətifə Nəsibova və digər nümayəndələr imtahan prosesini müşahidə edib, abituriyentlər üçün yaradılmış şəraitlə tanış olublar. İmtahan keçirilən vaxtda həmçinin abituriyentlərin valideynlərinin rektorla görüşü baş tutub. ADNSU-nun rektor əvəzi, dosent Vazeh Əskərov bütün namizədlərə uğurlar arzulayıb və bildirib ki, UFAZ hər zaman ölkədə yüksək səviyyəli təhsili ilə seçilən ali təhsil müəssisələrindən biri olub və burada təhsil alaraq iki dövlət diplomunu əldə etmək hər bir tələbə üçün böyük imkanlar açacaq.
İki saat yarım davam edən imtahanda abituriyentlər ümumi təhsil pilləsindəki tədris dillərinə uyğun (Azərbaycan və ya rus) riyaziyyat, kimya, fizika və ümumi biliklər bloku üzrə hər birindən on test sualını cavablandırıblar, ingilis dilində qrammatik çalışma və esse yazıblar.
Xatırladaq ki, UFAZ-da bu ildən etibarən geofizika mühəndisliyi, kimya mühəndisliyi, kompüter elmləri, neft-qaz mühəndisliyi ixtisasları ilə yanaşı kimya ixtisası üzrə də tədris həyata keçirilir.
Qeyd edək ki, bu il Dövlət İmtahan Mərkəzinin (DİM) I ixtisas qrupu üzrə təşkil etdiyi mərkəzləşdirilmiş qəbul imtahanlarında 450–dən artıq bal toplamış 466 abituriyent UFAZ-a qəbul imtahanı üçün onlayn qeydiyyatdan keçib, onlardan 358 nəfəri imtahanda iştirak edib. UFAZ-a qəbul imtahanında iştirak etmiş abituriyentlərin orta DİM balı 563.9 təşkil edib ki, onlardan 27 nəfərinin balı 650-dən yüksəkdir.
2024/2025-ci tədris ilində UFAZ-da bakalavr səviyyəsinə 5 ixtisas üzrə ümumilikdə 190 tələbənin dövlət sifarişli əsaslarla təhsil alması nəzərdə tutulur.
İmtahan nəticələri avqustun 2-də açıqlanacaq.