Sentyabrın 25-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Quacquarelli Symonds”un (QS) Dünya Universitetləri Reytinq Təşkilatının nümayəndə heyətinin növbəti hesabat görüşü keçirilib.
ADNSU-nun Beynəlxalq əlaqələr üzrə prorektor müavini, dosent Ülviyyə Abbasova görüşün əhəmiyyətindən, həmçinin universitetin QS reytinq sıralamasında ön sıralarda yer almasından danışıb.
Tədbirdə ADNSU-nun QS üzrə işçi qrupu, həmçinin agentliyin layihələr üzrə məsul şəxsi Dara Bukhtoyarova, QS-in baş məsləhətçiləri Veronica Omeni, Nilly Castano və Zaeem Siddiqui iştirak edib.
ADNSU-nun uğurlarından xəbardar olduğunu deyən Dara Bukhtoyarova Dünya və Avropa universitetləri reytinqinin metodologiyası, universitetlərin bu sahədə il ərzində gördüyü işlər, eyni zamanda gələcək fəaliyyətlərə dair təqdimatla çıxış edib.
QS-in baş məsləhətçisi Veronica Omeni QS-də ölkə üzrə elmi məqalələrin statistikası, güclü və inkişaf etdirilməli olan məqamlar haqqında məlumat verib. Nümayəndə heyəti öz çıxışlarında ADNSU ilə eyni profildə olan dünya universitetlərinin müqayisəli təhlilini aparıb və bu ali təhsil müəssisələri ilə reytinq, beynəlmiləlləşmə və elmi istiqamətdə əməkdaşlığın aparılmasının önəmindən danışıb, tövsiyələrini veriblər.
Görüşdə həmçinin, “QS Dayanıqlılıq Reytinqi” üzrə inkişaf hədəfləri və görüləcək işlər barədə fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, bir neçə gün əvvəl ADNSU ilə dünyanın ən nüfuzlu reytinq təşkilatlarından olan “Quacquarelli Symonds” arasında növbəti 5 il üçün əməkdaşlıq müqaviləsi imzalanıb. ADNSU beynəlxalq reytinq sıralamasında, o cümlədən QS reytinqində ildən-ilə ön sıralarda yer alır. Belə ki, 2024-cü il üçün QS dünya universitetlərinin reytinq sıralamasında ADNSU 1201-1400-cü yerdə idisə, 2025-ci il üçün dünyada 1001-1200-cü yerdə, Azərbaycanda isə 2-ci yerdə qərarlaşıb. Həmçinin, ADNSU məşğulluq göstəricisinə görə dünyada TOP-500-də yer alıb.