Sentyabrın 25-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Elmi işlər üzrə prorektoru, professor Lətafət Qardaşova (ADNSU) universitetin dekanları və kafedra müdirləri ilə görüşüb.
Görüşdə elmi-tədqiqat işləri ilə bağlı mövcud vəziyyət müzakirə olunub, perspektivlərdən və bu istiqamətdə görüləcək işlərdən bəhs olunub. Universitetin həm də “Milli Tədqiqat Universiteti” kimi formalaşmasını hədəf seçdiyini xatırladan professor Lətafət Qardaşova dekanlıqlar və kafedralarda tədrislə yanaşı, elmi nailiyyətlərin yüksəlməsinin, bu istiqamətdə görüləcək işlərin hər zaman diqqətdə saxlanılımasının vacibliyini deyib. Həmçinin, ADNSU-da nəşr olunan beynəlxalq bazalara daxil olan jurnalların reytinqinin artırılması istiqamətində aparılan işlərə diqqətin artırılması qeyd olunub.
Görüşdə ADNSU-da elm sahəsində çalışan qadın və qızların elmi-tədqiqat bacarıqlarının artırılması üçün layihələrin həyata keçirilməsi, elm sahəsi üzrə müxtəlif qrant və təqaüdlər barədə universitet tələbələrinin məlumatlandırılması məsələlərinə də toxunulub. İştirakçıların diqqətinə o da çatdırılıb ki, “Beynəlxalq Etimad Kral Elmlər Akademiyası (“RASIT”)” qeyri-hökumət təşkilatı tərəfindən Azərbaycan 1 il müddətinə (sentyabr 2024 – sentyabr 2025) “Elmdə Qadın və Qızların Dünya Paytaxtı” seçilib.