Oktyabrın 18-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) SOCAR-ın “Gənc İstedadlar Proqramı”nın təqdimatı keçirilib.
ADNSU-nun Təcrübə bölməsinin rəhbəri Səbinə Əliyeva iştirakçıları salamlayaraq gəncləri proqramdan yararlanmağa, həmçinin şəxsi inkişafla bağlı fürsətləri dəyərləndirməyə çağırıb.
SOCAR-ın İşə qəbul və karyera planlama şöbəsinin rəisi Şəhriyar Şahkərəmli iştirakçıları salamlayaraq SOCAR-ın fəaliyyəti, gənclərlə bağlı həyata keçirilən layihə və proqramlar haqqında məlumat verib.
Proqramın qalibi olmuş məzunlar haqqında qısa video çarx nümayiş olunub.
SOCAR-ın İnsan resursları üzrə aparıcı mütəxəssisi Rəşad Ələkbərov “Gənc İstedadlar Proqramı” haqqında təqdimatla çıxış edərək proqramın üstünlükləri, müraciət qayadaları, şərtlər, həmçinin perspektivləri barədə tələbələrə ətraflı məlumat verib.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, SOCAR tərəfindən istedadlı gənclərin potensialının aşkar edilməsi, onların əmək bazarına inteqrasiyasının sürətləndirilməsi məqsədilə 2022-2023-cü tədris ilindən başlayaraq ali təhsil müəssisələrinin 3-cü və 4-cü kurslarında, həmçinin magistratura pilləsi üzrə təhsil alan gənclərə təqaüd verilməsi, onların inkişafının təmin olunması və yüksək potensiallı gənclərin SOCAR-da işlə təmin edilməsi üçün “Gənc İstedadlar Proqramı”na start verilib. Təcrübə müddətini və yekun seçim mərhələsini də uğurla keçən namizədlərə Birlik tərəfindən iş təklifi olunur.