×

News

News 24 Oct 2024
ADNSU tələbələri Milanda keçirilən 75-ci Beynəlxalq Astronavtika Konqresində ölkəmizi təmsil ediblər

Milan şəhərində keçirilən 75-ci Beynəlxalq Astronavtika Konqresində ölkəmizi təmsil edən 52 tələbə, gənc mütəxəssis və alimlərdən ibarət milli elmi komandanın tərkibində Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) SABAH qruplarının 12 və 2 nəfər ZU proqramları tələbəsi ölkəmizi uğurla təmsil ediblər. 

Konqresdə ölkəmizi təmsil edən milli elmi komandanın üzvləri arasında yer alan ADNSU tələbələri Konqresin “Dayanıqlılıq naminə kosmik məsuliyyət” mövzusuna uyğun olaraq əsasən biomühəndislik bitkiləri ilə mikro qravitasiya mühitində karbonun idarə olunması, kosmik mühitin insan bədəninə təsiri, kosmosda fizioterapiya, kosmosda hüquqi tənzimlənmə qaydaları, kosmosda həyat elmləri, peyklərin missiyası və yerin müşahidəsi mövzularında elmi çıxışlar ediblər, öz araşdırma və yanaşmalarını təqdim ediblər.

Qeyd edək ki, 120 ölkədən 11 mindən çox iştirakçının qatıldığı Milan Konqresində milli elmi komandamız Azərkosmosun KOSMİK Akademiyasının təşkilatçılığı, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin və Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin SABAH qruplarının dəstəyi ilə iştirak edib. 

Milan Konqresində 200 texniki sessiyada 2400-ə yaxın elmi məqalə təqdim olunub. Tələbə, gənc mütəxəssis və alimdən ibarət milli elmi komanda konqres vasitəsilə bu sessiyalarda müxtəlif ölkələrdən olan gənclərlə ünsiyyət qurub, kosmosun gələcəyi barədə fikir mübadiləsi aparıblar.


Share