Oktyabrın 26-da Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr edilmiş ümumrespublika “Nə? Harada? Nə zaman?” intellektual oyununun final mərhələsinin mükafatlandırma mərasimi keçirilib.
Tədbirdə “Nə? Harada? Nə zaman?” intellektual oyununun nəticələri barədə məlumat verilib. Bildirilib ki, “Azərbaycan İntellektual Klublar Assosiasiyası” İctimai Birliyi ilə əməkdaşlıq çərçivəsində YAP yerli təşkilatlarını və Gənclər Birliyini təmsil edən 85 komandanın iştirakı ilə keçirilən intellektual oyunun seçmə mərhələsi üzrə yarışlarda 22 komanda final mərhələsinə vəsiqə qazanıb. 85 komandanın tərkibində iştirak edən 680 nəfərin 264-ü bitərəf, 416-sı isə YAP üzvü olan gənclərdir.
Qalib komandalar arasında Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) “Maqnat” İntellektual Oyunlar Klubu – Nəsimi komandası da yer alıb.
Final mərhələsinin mükafatlandırma mərasimində I, II, III yerləri tutmuş Nəsimi, Gəncə və Yasamal komandalarının oyunçuları müvafiq diplomlar, medallar və xatirə hədiyyələri ilə, qalib komanda isə əlavə olaraq kubokla təltif olunub.