Noyabrın 6-da Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) və “Caspian Energy Club”ın birgə təşkilatçılığı ilə növbəti “B2G Forum” keçirilib.
Tədbirdə ADNSU-nun rektor əvəzi, dosent Vazeh Əskərov, universitetin professor-müəllim heyəti, “Caspian Energy Club”ın sədri və qrupun baş icraçı direktoru Telman Əliyev və şirkətin nümayəndələri iştirak ediblər.
“Caspian Energy Club”ın sədri Telman Əliyev görüş haqqında məlumat verdikdən sonra universitet və biznes müəssisələri arasındakı sıx əməkdaşlıqdan danışıb. O, bildirib ki, biznes və təhsil sektoru arasında körpü yaratmadan, gənc mütəxəssislərin gələcəyini inşa etmək mümkün deyil.
ADNSU-nun rektor əvəzi, dosent Vazeh Əskərov qonaqları salamlayaraq universitet-müəssisə əmkdaşlığının gənclərin ali məktəbdən birbaşa karyeralarına başlamaq üçün mühüm əhəmiyyət kəsb etdiyini deyib. Rektor əvəzi bildirib ki, məqsədimiz tələbələrimizi müasir iş mühitinə uyğun hazırlamaq və onlara karyera imkanları təqdim etməkdir. Həmçinin qeyd edib ki, əmək bazarının tələblərinə uyğun mütəxəssislərin yetişdirilməsi ölkəmizin iqtisadi inkişafında mühüm rol oynayır.
“B2G Forum”da “Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin resursları, əməkdaşlıq imkanları” mövzusunda təqdimatla çıxış edən dosent Vazeh Əskərov diqqətə çatdrıb ki, universitetin sənaye müəssisələri və beynəlxalq akademik qurumlarla əməkdaşlığı tələbələrin praktiki biliklər əldə etmələrinə və zamanında real iş təcrübəsi qazanmaları üçün əlaverişli platformadır.
Sonra Telman Əliyev dosent Vazeh Əskərova şirkətin Fəxri üzvlük sertifikatını təqdim edib. Tədbirdə həmçinin, dosent Vazeh Əskərov “Holberton School” və “AzInşaat Holding”ə “Caspian Energy Club”a üzv olduqlarını təstiq edən sertifikatları təqdim edib.