×

Xəbərlər

Xəbərlər 10 Nov 2024
ADNSU-nun professor-müəllim heyəti Qarabağda elmi-tədqiqat işləri aparıblar

4-8 noyabr tarixində Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) professor-müəllim heyəti Qarabağda ezamiyyətdə olub. Ezamiyyətin məqsədi Azərbaycan Elm Fondunun “Qarabağ-Azərbaycandır-2!” Qrant müsabiqəsi çərçivəsində (AEF-MQM-QA-2-2023-3(45)) “İqlim dəyişikliyinin Qarabağın su resurslarına təsirinin innovativ metodlarla qiymətləndirilməsi” layihəsinin icrası, növbəti çöl-tədqiqat işlərinin aparılması və əldə edilmiş məlumatların süni intellektə tətbiqindən ibarətdir.

Bu məqsədlə layihə rəhbəri ADNSU-nun Elmi işlər üzrə prorektoru, əməkdar elm xadimi, professor Lətafət Qardaşova, icraçılar – “Neft-kimya texnologiyası və sənaye ekologiyası” kafedrasının dosenti Maya Abdullayeva, “Neft-qaz geologiyası” kafedrasının müəllimi Allahverdi Tağıyev, Milli Aviasiya Akademiyasının “Aviasiya meteorologiyası” kafedrasının baş müəllimi, c.ü.f.d. Camal Hüseynov, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarət Xidmətinin Su və Su Təsərrüfatı Obyektlərinin Monitorinqi şöbəsinin baş məsləhətçisi Vasif Yəhyayev və onlarla birgə ADNSU-nun “Sənayedə və iqtisadiyyatda qərar qəbuletmə və intellektual idarəetmə sistemləri elmi-tədqiqat” laboratoriyasının “Kompüter elmləri” ixtisası üzrə doktorantı Şamil Əhmədov Qarabağda elmi-tədqiqat ezamiyyətində olublar. Qarabağ İqtisadi Rayonunun Füzuli, Zəngilan və Cəbrayıl rayonlarında elmi tədqiqat işləri aparılıb, layihənin icraçılarından ibarət şəxsi heyət ANAMA əməkdaşlarının müşayiəti ilə çay, bulaq və kəhrizlərin müasir vəziyyətinin müəyyən edilməsi yönündə müxtəlif hidroloji, hidrogeoloji və meteoroloji tədqiqatlar həyata keçiriblər. 

Bununla yanaşı, Xankəndi şəhərində Azərbaycan Elm Fondunun maliyyə dəstəyi ilə yenidənqurma işlərinin aparılması məqsədilə hidrometeoroloji stansiyaya baxış keçirilib. Belə ki, Qarabağ Regional Hidrometeorologiya Mərkəzinin direktoru Vilayət Həsənovla stansiyanın fəaliyyətinin ən qısa zamanda yenidən bərpası haqqında müzakirələr aparılıb. Həmçinin, ADSEA-nın Xankəndi Sukanal Sahəsinin rəisi Anar Cabbarov ilə fikir mübadiləsi aparılıb. 


Paylaş