Noyabrın 19-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektor əvəzi, dosent Vazeh Əskərov dünyanın ən nüfuzlu reytinq təşkilatlarından olan “Quacquarelli Symonds” (QS) Beynəxalq Reytinq Agentliyinin rəhbər şəxsləri – Baş vitse-prezident Ben Sowter, Regional direktor Sergey Xristolyubov və Analitika və qiymətləndirmə üzrə direktor Leigh Kamolinsla görüşüb.
Öncə qonaqlar ADNSU-nun nəzdində fəaliyyət göstərən Azərbaycan Fransız Universitetinin (UFAZ) laboratoriyalarında, kompüter otaqlarında olublar və buradakı yüksək təhsil və elmi-tədqiqat üçün yaradılmış şəraitlə tanış olublar.
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova, ADNSU-nun Elmi işlər üzrə prorektoru, professor Lətafət Qardaşova, UFAZ-ın İcraçı direktoru vəzifəsini müvəqqəti icra edən Lətifə Nəsibovanın da iştirak etdiyi görüşdə Azərbaycanın aparıcı ali təhsil müəssisələrinin, o cümlədən ADNSU-nun QS reytinqindəki uğurunlarından, ADNSU ilə QS arasındakı əmkdaşlıq əlaqələrinin genişlənməsindən bəhs olunub.
Dosent Vazeh Əskərov qonaqların diqqətinə çatdırıb ki, QS-lə əməkdaşlıq universitet üçün yeni beynəlxalq əlaqələr yaradır və yaxın illərdə təhsil və tədrisin yüksəldilməsi və elmi istiqamətdə mühüm nailiyyətlərin əldə olunması sayəsində universitet QS reytinqində daha da ön sıralarda qərarlaşmağı hədəfləyib.
Qonaqlar ADNSU-da QS-in müəyyən etdiyi meyarları da özündə birləşdirən müasir tələblərə uyğun pedaqoji və elmi fəaliyyəti yüksək qiyəmətləndiriblər və bu yeniliklərin QS reytinqində əvvəlki illərlə müqaisədə ön sıralarda qəralaşmasında da öz əksini tapdığını bildiriblər. Xüsusilə son iki il ərzində ADNSU-nun akademik göstəricilərdə böyük fərqlə irəliləməsinin təqdirəlayiq olduğunu qeyd ediblər.
Qarşılıqlı fikir mübadiləsi və əməkdaşlıq əlaqələrinin müzakirəsi ilə keçən görüşdə həmçinin, yeni hədəflərə və perspektivlərə toxunulub.
Qeyd edək ki, noyabrın 18-də Bakıda QS tərəfindən “Dünyanın ən yaxşı universitetlərinin reytinq siyahısı: dayanıqlılıq 2025”in nəticələri elan edilib. Yeni nəticələrə görə, ADNSU Azərbaycan universitetləri arasında 3-cü, dünyada isə 1351-1400-cü yerdə qərarlaşıb.