Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində “Universitetlərdə İnnovativ Mühitin Rolu və Yaşıl Texnologiyalar” adlı panel iclasda təmsil olunub.
Akademik sahədə yaşıl texnologiyaların genişləndirilməsi məqsədilə keçirilən iclas İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) tərəfindən “Elm, Texnologiya və İnnovasiya Rəqəmsallaşma Günü”ndə təşkil edilib.
Panel iclasda ADNSU-nun Rəqəmsal İnkişaf və İnnovasiyalar Mərkəzinin direktoru, dosent Elviz İsmayılov iqlim dəyişikliklərinin elmi aktuallığı, bu sahədə universitetin startap mərkəzində reallaşan startaplar və innovativ layihələrdən danışıb. COP29 çərçivəsində ADNSU-nun bir komandasının “Yaşıl hidrogen və onun karbon nanoborularda saxlanılması perspektivləri” ideyası sərgidə qonaqlara təqdim edilir.
İclasda həmçinin İRİA və müxtəlif universitetlərin nümayəndələrinin də məruzələri dinlənilib və geniş müzakirələr aparılıb.