Azərbaycanın Latviyadakı Səfirliyinin və Latviya Universitetinin nəzdində fəaliyyət göstərən Beyin Mərkəzi - Məhsuldarlıq Tədqiqatı İnstitutunun birgə əməkdaşlığı ilə iqlim və enerji mövzusunda dəyirmi masa təşkil edilib.
Tədbirdə Azərbaycanın Latviyadakı səfiri Elnur Sultanov, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektor əvəzi, dosent Vazeh Əskərov, Məhsuldarlıq Tədqiqatı İnstitutunun direktoru İnna Şteinbuka, Latviyanın iqlim və energetika, maliyyə nazirliklərinin yüksək vəzifəli şəxsləri, tanınmış iqtisadçılar və digərləri iştirak ediblər.
Dəyirmi masada çıxış edənlər dünyanın iqlim dəyişikliyi nəticəsində bir sıra təhdidlərlə üzləşdiyini, iqlim dəyişikliyi ilə mübarizə məqsədilə Bakıda keçirilmiş BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) zamanı mühüm qərarların qəbul edildiyini və gələcək iqlim fəaliyyəti üçün yeni imkanların yarandığını bildiriblər. Vurğulanıb ki, Azərbaycanın COP29 Sədrliyi çərçivəsində irəli sürülən qlobal təşəbbüslər xüsusi əhəmiyyətə malikdir və tədbir yüksək səviyyədə təşkil edilib.
2024-cü ildə Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili”nin elan edildiyi, son illərdə “yaşıl” keçid üzrə bir sıra layihələrin uğurla icra edildiyi, “yaşıl enerji” sahəsində qarşıda duran vəzifələr və nəzərdə tutulan regional layihələr barədə məlumat verilib.
Tədbir iştirakçıları Azərbaycan və Latviyanın bərpaolunan enerji sahəsində əməkdaşlıq və təcrübə mübadiləsinin həyata keçirilməsi üçün yaxşı imkanların mövcud olduğunu qeyd ediblər.