Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektor əvəzi, dosent Vazeh Əskərov Türkiyəyə səfər çərçivəsində Türkiyənin Orta Doğu Texniki Universitetinin rektoru, professor Ahmet Yozgatlıgillə görüşüb.
Görüşdə iki ali təhsil müəssisəsi arasındakı uzunmüddətli əməkdaşlıqdan bəhs olunub. Bildirilib ki, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ilə Orta Doğu Texniki Universitetinin əməkdaşlıq əlaqələrinin 30 ildən yuxarı tarixi var. Belə ki, Müasir Azərbaycan Dövlətinin müstəqilliyinin ilk illərində Azİİ (ADNSU) ilə rəsmi əməkdaşlığa başlayan qardaş ölkənin ali təhsil müəssisəsi ilə ötən bu illər ərzində çoxşaxəli layihələr və proqramlar icra olunub. 2022-ci ildə isə tərəflər arasında bir neçə beynəlxalq layihə, o cümlədən Erasmus+ layihəsi istiqamətində birgə əməkdaşlıqla bağlı memorandum imzalanıb.
Görüşdə həmçinin, tələbə - müəllim mübadiləsi, birgə elmi tədqiqat və araşdırmaların aparılması, ortaq layihələrin icrası və qarşılıqlı təcrübənin mənimsənilməsi kimi məsələlər də müzakirə olunub.