×

Xəbərlər

Xəbərlər 04 Feb 2025
ADNSU-nun yeni rektoru kollektivə təqdim olunub

Azərbaycan Respublikası Elm və Təhsil naziri Emin Əmrullayev Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) yeni rektoru, dosent Rüfət Əzizovu təhsil müəssisəsinin kollektivinə təqdim edib. 

Elm və Təhsil naziri Emin Əmrullayev Rüfət Əzizovun ADNSU-ya rektor təyin olunması haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 3 fevral 2025-ci il tarixli Sərəncamını tədbir iştirakçılarının diqqətinə çatdırıb. 

Elm və Təhsil naziri yeni təyin olunan rektor Rüfət Əzizovun elmi, pedaqoji fəaliyyəti haqqında iştirakçılara məlumat verib. Nazir Emin Əmrullayev bundan əvvəl dosent Rüfət Əzizovun Sumqayıt Dövlət Universitetinin rektoru olduğu qısa müddət ərzində həmin universitetin əldə etdiyi uğurlardan bəhs edərək onun ADNSU-ya rəhbərliyi dövründə istər tədris, istərsə də elm sahəsində ciddi nailiyyətlər əldə olunacağına əminliyini ifadə edib. 

ADNSU-nun yetişdirdiyi mühəndis kadrlardan, eyni zamanda elmi tədqiqat və beynəlxalq reytinqlərdə qazandığı uğurlardan söz açan nazir Emin Əmrullayev yeni rektoru və universitetin kollektivini təbrik edərək ona uğurlar arzu edib. 

Rektor, dosent Rüfət Əzizov ilk növbədə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin ona göstərdiyi böyük ehtimada görə dövlət başçısına təşəkkürünü bildirib. O, Elm və Təhsil Nazirliyinin dəstəyi və ADNSU-nun professor-müəllim heyətinin səyi ilə universitetin daha da inkişaf etdirilməsi istiqamətində çalışaraq dövlət başçısının etimadını doğruldacağını vurğulayıb. Rektor, dosent Rüfət Əzizov ADNSU-nun milli tədqiqat universiteti statusuna yüksəlməsi və dünyanın sayılıb-seçilən ali məktəblərindən biri olması üçün böyük potensiala malik olduğunu vurğulayıb. 

Dosent Rüfət Əzizovun ADNSU-ya rektor təyinatınadək təhsil müəssisəsinin rektoru səlahiyyətlərini icra edən, hazırda isə fəaliyyətini strateji məsələlər üzrə prorektor qismində davam etdirən dosent Vazeh Əskərov ötən müddət ərzində görülmüş işlərə görə kollektivə təşəkkürünü bildirib. O, dosent Rüfət Əzizovun rəhbərliyi ilə ADNSU-nun qarşıda növbəti uğurlara imza atacağını qeyd edib. 

Elm və Təhsil naziri Emin Əmrullayev ADNSU-nu böyük potensiala malik ali məktəb kimi səciyyələndirərək  universitetin bundan sonra də tədris və elm sahəsində respublikanın aparıcı ali məktəblərindən biri kimi inkişaf edəcəyinə əminliyini vurğulayıb.


Paylaş