Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) "Bərpa olunan enerji mənbələri" üzrə magistratura səviyyəsində təşkil olunan İkili Diplom Proqramının (İDP) birinci kurs tələbələri üçün tanışlıq və məlumatlandırma sessiyası uğurla keçirilib. 24 yanvar 2025-ci il tarixində ADNSU-da keçirilən tədbirdə tələbələr Proqram haqqında dəyərli məlumatlar əldə ediblər.
İnteraktiv təşkil olunan sessiya zamanı Proqramın Böyük Britaniya üzrə direktoru iştirakçılara İDP-nin əsas məqsədləri, tədrisin təşkili və elektron qeydiyyat anketi haqqında ətraflı məlumat verilib. Tələbələr təhsil prosesi, qiymətləndirmə metodologiyası və Proqrama dair digər mühüm məsələlərlə bağlı suallarını ünvanlamaq imkanı qazanıblar.
Tədbirin qeyri-rəsmi hissəsində birinci və ikinci kurs tələbələri arasında səmimi görüş və fikir mübadiləsi baş tutub.
Sessiyanın gedişində Böyük Britaniya üzrə nümayəndə tərəfindən aşağıdakı əsas mövzular üzrə məlumatlar verilib:
- Proqramın məqsədləri və vəzifələri
- İngiltərə təhsil sistemindəki tədris yanaşmaları
- Qiymətləndirmə və bal sistemi
- Kurs işlərinin təşkili (PMA)
- Tələbə Təlimatı və əsas qaydalar
- Elektron qeydiyyat prosedurları
-
Görüş tələbələr arasında akademik və sosial əlaqələrin qurulmasına töhfə verməklə yanaşı, onların gələcək tədris prosesinə uğurla inteqrasiya olunmasına şərait yaradıb.
Ölkəmizin bərpa olunan enerji mənbələri sahəsində müasir kompetensiyalara malik insan resurslarına ehtiyacının təmin olunmasında öz töhfəsini verməkdə olan İkili Diplom Proqramının əsas hədəfi ən qabaqcıl elmi nailiyyətlərdən, innovativ təlim-tədris texnologiyalarından yararlanaraq bərpa olunan enerji sahəsində müasir kvalifikasiyalara uyğun yeni nəsil mütəxəssislərin yetişdirilməsi yolu ilə Azərbaycanın davamlı yaşıl enerjiyə keçidinə dəstəyin təmin edilməsidir.
İngiltərəyə getmədən İngiltərə təhsilini ölkəmizə gətirən bu proqramın əsas fəaliyyət istiqamətləri xarici Ali Təhsil Müəssisələri (ATM) ilə əməkdaşlıq vasitəsilə bərpa olunan enerji texnologiyalarından istifadə üzrə ixtisaslaşmış milli mütəxəssislərin hazırlanması üçün dayanıqlı tədris mühitinin yaradılmasına və sahə ilə bağlı müvafiq bilik, bacarıq dəstlərinin inkişafına yönəlmişdir.
Proqram çərçivəsində təhsil alan magistrantların mühəndislik sahəsində inkişafına, onların sektor üzrə rəqabətqabiliyyətli mütəxəssislərə çevrilməsində rol oynaması baxımından səciyyəvi əhəmiyyət kəsb edir.
Sözügedən İkili Diplom Proqramına müraciət və qəbul şərtləri, xüsusi tələblər və digər məsələlər ilə bağlı http://asoiu.edu.az/info_main vebsaytını ziyarət edə, bundan sonra yarana biləcək əlavə suallarla bağlı info.warwick@asoiu.edu.az epoçt ünvanına elektron məktub ilə sorğu yönəldə bilərsiniz.