Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru, dosent Rüfət Əzizov Geoloji Kəşfiyyat fakültəsində (GKF) 2 həftəlik elmi-tədqiqat təcrübəsini başa vuran Qazaxıstanın Satbayev Universitetinin magistr tələbələri ilə görüşüb. Rektor R.Əzizov iki ali məktəb arasında mövcud dostluq və birgə layihələr üzrə səmərəli əməkdaşlıq əlaqələrinin əhəmiyyətini qeyd edib.
Satbayev Universitetinin tələbələri ADNSU-da çox mehriban qarşılandıqlarını, təcrübə keçdikləri Geoloji Kəşfiyyat fakültəsinin professor və müəllimləri ilə çalışmanın onlar üçün çox faydalı olduğunu qeyd ediblər. Tələbələr ADNSU-da elmi tədqiqatlarda iştiraklarının, zəngin kolleksiyası olan Mineralogiya Muzeyində gördüklərinin biliklərini əhəmiyyətli dərəcədə artırdığını, onları düşündürən bir sıra suallara cavab tapdıqlarını bildiriblər.
Qazaxıstanlı tələbələr ADNSU-da Metrologiya İnstitutu ilə birgə yaradılmış “AzMİ Akademiya”nın laboratoriyalarından məmnun qaldıqlarını, yeni nəsil standartlar və ölçmələrlə tanış olduqlarını, gələcəkdə doktorantura təhsili zamanı ADNSU-nun alimləri ilə birgə elmi işlərini davam etdirmək istədiklərini bildiriblər.
ADNSU-nun rektoru, dosent Rüfət Əzizov Qazaxıstanlı tələbələrin universitetdə keçdikləri elmi-tədqiqat təcrübəsinin onlar üçün faydalı olmasından məmnunluğunu ifadə edib və onlara uğurlar arzulayıb.
Görüşün sonunda rektor R.Əzizov tələbələrə hədiyyələr təqdim edib, onlarla xatirə şəkli çəkdirib.