×

Xəbərlər

Xəbərlər 28 Feb 2025
ADNSU-nun 2 tələbəsi “AzerGold”un 4-cü Təqaüd proqramının qalibi olub

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) 2 nəfər tələbəsi “AzerGold” QSC-nin təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə keçirilən ali və peşə təhsili müəssisələrinin tələbələri üçün elan edilən 4-cü Təqaüd proqramının qalibi olub. 

ADNSU-nun Geoloji kəşfiyyat fakültəsinin “Mədən mühəndisliyi” ixtisası üzrə təhsil alan IV kurs tələbəsi Hünbət İsmayıllı və ADNSU-nun nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinin “Geologiya ve geofizika mühəndisliyi” ixtisası üzrə təhsil alan IV kurs tələbəsi Zahid Qədirov 4-cü Təqaüd proqramının qalibi seçilib. 

Fevralın 27-də keçirilən 4-cü Təqaüd proqramının qaliblərinin mükafatlandırılması mərasimində çıxış edən “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov təqaüd proqramının növbəti qaliblərini təbrik edərək bu günədək ali təhsil üzrə 38, peşə təhsili üzrə isə 37 tələbənin proqram çərçivəsində qalib olduğunu və QSC-də istehsalat təcrübəsinə cəlb edildiyini qeyd edib. 

Təqaüd proqramlarının tələbələrin təhsil həyatında, onların bilik və bacarıqlarının artırılmasındakı rolunu vurğulayan Elm və təhsil nazirinin müavini Kənan Kərimzadə də “AzerGold” QSC-nin timsalında dövlət və özəl sahibkarlıq subyektlərinin korporativ sosial məsuliyyət fəaliyyəti çərçivəsində reallaşdırdığı bu cür təşəbbüslərin milli təhsilin inkişafı ilə bağlı dövlətimizin başçısı tərəfindən qarşıya qoyulmuş məqsədlərə xidmət etdiyini vurğulayıb.

 Nazir müavini proqramın qaliblərini təbrik edərək tələbələrə istehsalat təcrübəsi müddətindən maksimum faydalanmağı, peşəkar hazırlıqlı mütəxəssis kimi yetişmələri üçün onlara təqdim olunan bütün imkanlardan yararlanmağı tövsiyə edib.

Qeyd edək ki, sözügedən təqaüd proqramı 2021-ci ildən təsis edilib və 2024-2025-ci tədris ili üzrə 10 universitet və 2 peşə təhsili müəssisəsinin tələbəsi bu təqaüdə layiq görülüb. Qaliblər tədris ili boyunca hər ay 200 AZN məbləğində təqaüd alacaqlar. 

 


Paylaş