×

Xəbərlər

Xəbərlər 05 Mar 2025
Qazaxıstanın Milli Tədqiqat Texniki Universitetinin rektoru ADNSU-da olub

Martın 5-də Qazaxıstanın Satbayev adına Milli Tədqiqat Texniki Universitetinin rektoru, professor Meyram Beqentayevin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfəri çərçivəsində Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) olub.

ADNSU-nun rektoru, dosent Rüfət Əzizov qonaqları salamlayaraq Qazaxıstan ali təhsil müəssisələri ilə əlaqələrin mövcudluğuna toxunub. O, qeyd edib ki, Satbayev adına Milli Tədqiqat Texniki Universiteti ilə son illər əməkdaşlığın inkişafında yeni addımlar atılıb, anlaşma memorandumu imzalanıb, bu da imkan verir ki, əməkdaşlığı yeni müstəvidə davam etdirək. 

Səmimi ortamda keçən görüşdə tərəflər arasında əməkdaşlığın daha da genişləndirilməsindən bəhs olunub. İki ali təhsil müəssisəsi arasında mövcud əməkdaşlıq müqaviləsindən irəli gələrək gələcəkdə professor-müəllim heyəti və tələbələrin mübadilə proqramlarını həyata keçirmək, birgə konfrans, simpozium və layihələrin icrasını reallaşdırmaq kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Sonra qonaqlar Tarix və Mineralogiya muzeyləri, Azərbaycan-Türkiyə Dostluq Mərkəzi, ADNSU və UFAZ-ın laboratoriyaları və kompüter otaqları ilə tanış olublar. Onlar universitetin maddi-texniki bazasının, təhsil üçün yaradılan şəraitin qənaətbəxş olduğunu bildiriblər. 


Paylaş