Martın 13-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Kimya texnologiya fakültəsinin Gənc Alimlər Assosiasiyası üzvlərinin görüşü keçirilib.
Görüşdə fakültənin professor-müəllim heyəti, doktorantlar, magistrantlar və tələbələr iştirak edib. Tədbirdə çıxış edən assosiasiyasının sədri, "Neft-kimya texnologiyası və sənaye ekologiyası" kafedrasının müəllimi, k.e.n., Əli-zadə Əli gənc tədqiqatçıların dəstəklənməsi, onların elmi fəaliyyətlərinin inkişafına töhfə verilməsi və elmi fikir mübadiləsi üçün şərait yaradılması məqsədilə assosiasiyanın təsis olunduğunu diqqətə çatdırıb.
Görüş çərçivəsində həmçinin, dəvətli qonaq, Dövlət Əmək Müfəttişliyi yanında "Əməyin Mühafizəsi Mərkəzi" PHŞ İş yerlərinin Attestasiya, Sertifikatlaşdırma və Standartlaşdırma Departamentinin müdiri Fərid Quliyev "İstehsalatda əməyin mühafizəsi üzrə aktual problemlər və alimlərin bu sahədə rolu" mövzusunda çıxış edib. O, istehsalatda əməyin mühafizəsi sahəsində mövcud çətinliklər, beynəlxalq təcrübələrin tətbiqi və elmi araşdırmaların bu sahəyə töhfəsi barəsində tədbir iştirakçılarına geniş məlumat verib. Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb və bu formatda görüşlərin əhəmiyyəti vurğulanaraq assosiasiya üzvlərinə gələcək fəaliyyətləri üçün tövsiyələr verilib.