×

Xəbərlər

Xəbərlər 17 Mar 2025
ADNSU tələbələri Türkiyədə aerokosmik innovasiyalar üzrə təcrübə mübadiləsində uğurla iştirak edir

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) SABAH qruplarının tələbələri Türkiyədə kosmos, aerokosmos, aviasiya, innovasiyalar, texniki elmlər, süni intellekt və mühəndislik sahələrində təcrübə mübadiləsində ölkəmizi təmsil edirlər. 

Layihə çərçivəsində 2 nəfər tələbəmiz: Mexatronika və robototexnika mühəndisliyi üzrə II kurs tələbəsi Murad Qaramollayev və  Kompüter Mühəndisliyi II kurs tələbəsi Mehparə Heydərovanın hazırladığı proyekt Startech kosmik layihəsinin final mərhələsinin qalibi olub.   

ADNSU SABAH qruplarının kompüter mühəndisliyi ixtisasının tələbəsi Mehparə Heydərova Türkiyədə keçdikləri təcrübə mübadiləsini yüksək qiymətləndirib və qardaş ölkənin kosmos, aerokosmik mühəndislik və bu kimi bir çox sahələri ilə yaxından tanış olmaqla yanaşı, praktiki biliklər əldə etdiklərini deyib. 

Qeyd edək ki, Azərbaycan universitetlərinin tələbələrinin kosmos, aerokosmos, aviasiya, innovasiyalar, texniki elmlər, süni intellekt və mühəndislik sahələrində təcrübə mübadiləsi ilə bağlı Türkiyəyə səfəri ilə bağlı layihənin açılış mərasimi keçirilib. Azərbaycan Kosmik Agentliyinin (“Azərkosmos”) nəzdində fəaliyyət göstərən KOSMİK Akademiyanın təşkilatçılığı və Türkiyənin Gökmen Aerokosmik və Aviasiya Mərkəzinin (GUHEM-Gökmen Uzay ve Havacılık Merkezi) dəstəyi, eləcə də Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və SABAH qruplarının əməkdaşlığı ilə ərsəyə gələn layihənin açılış mərasimi Türkiyənin Bursa şəhərində baş tutub.

Açılışdan sonra tələbələrimiz və gənc alimlərimizin mərkəzin aviasiya və astronavt proqramı ilə təcrübə mübadilələri başlayıb.

Səfər sabahdan etibarən praktik tədbirlərlə davam etdiriləcək ki, bunlara da simulyatorlar və simulyasiya əsaslı kritik hallarda yanaşmalar da daxildir.

Xatırladaq ki, təcrübə mübadiləsinə ölkəmizin 14 universitetini təmsil edən tələbə, gənc alimlər daxildir. “Azərkosmos” və “Zəfər” təşkilatının əməkdaşlığı ilə layihəyə üç şəhid və qazi övladı da cəlb edilib.

Martın 19-dək davam edəcək səfər çərçivəsində tələbələr bir sıra mərkəzlərdə nəzəri və praktiki təcrübə mübadiləsi keçəcəklər.


Paylaş