×

News

News 18 Mar 2025
ADNSU-da Novruz şənliyi keçirilib

Martın 18-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə Novruz bayramına həsr olunmuş tədbir keçirilib. 

Bayram şənliyində tələbələrin hazırladıqları Novruz xonçaları və milli adət-ənənələrimizi özündə əks etdirən bayram şirniyyatları nümayiş olunub. Tədbirdə təbrik nitqi ilə çıxış edən ADNSU-nun rektoru, dosent Rüfət Əzizov universitetin professor-müəllim heyətini və tələbələri milli bayram münasibətilə təbrik edib və onlara xoş arzularını çatdırıb.

Bu gün bütün suveren Azərbaycan torpaqlarında xalqımızın əsirlərdən süzülüb gələn adət-ənənələrini özündə birləşdirən, birlik və bərəkətin ifadəsi olan Novruz bayramının qeyd olunduğunu deyən dosent Rüfət Əzizov universitetin çoxminli kollektivinə, eləcə də bütün Azərbaycan xalqına əmin-amanlıq, bol ruzili illər, möhkəm cansağlığı arzulayıb. 

Novruz şənliyi ADNSU-nun “Gənclik” mahnı və rəqs ansamblının bir-birindən fərqli rəqs nömrələri, Novruz bayramının məşhur personajları - kosa ilə keçəlin təqdimatında maraqlı səhnəciklər, müxtəlif oyunlar və “Dərviş bənd” qrupunun maraqlı musiqi nömrələri ilə davam edib. 

Sonra universitetin həyətində bayram tonqalı qalanıb.


Share