SOCAR-ın təşkil etdiyi “Gənc İstedadlar Proqramı”nın nəticələrinə əsasən, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) bu il proqramda iştirak hüququ qazanan tələbələrin sayına görə ölkə üzrə birinci yeri tutub. ADNSU-nun 41, universitetin nəzdində fəaliyyət göstərən UFAZ-ın isə 5 tələbəsi seçim mərhələlərini uğurla tamamlayaraq proqram iştirakçısı olub. Beləliklə, ümumilikdə 46 tələbə ilə ADNSU ən yüksək nəticə göstərən ali təhsil müəssisəsi olub.
Proqramın seçim mərhələlərinə ölkə üzrə 14 müxtəlif ali məktəbdən 2809 namizəd qatılıb və yalnız 133 nəfər bütün mərhələləri uğurla başa vuraraq iştirak hüququ qazanıb.
Beş ay davam edəcək proqram çərçivəsində iştirakçılar SOCAR-ın strukturuna daxil olan müəssisələrdə istehsalat təcrübəsi keçəcək, həmçinin ixtisas bilikləri və səriştələrini inkişaf etdirmək üçün təlimlərdə iştirak edəcəklər. Proqram müddətində tələbələr təqaüddən faydalanmaq imkanı əldə edəcəkklər. Nəticə olaraq sonda isə uğurla fərqlənən iştirakçılar üçün SOCAR-da işə qəbul perspektivi nəzərdə tutulur.
Qeyd edək ki, “Gənc İstedadlar Proqramı” ölkə və xaricdə təhsil alan, öyrənməyə motivasiyalı, şəxsi və peşəkar inkişafında fəal olan təşəbbüskar gənclərin dəstəklənməsi məqsədilə həyata keçirilir.