Aprelin 4-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) dünyada ən etibarlı və nüfuzlu elmmetrik bazalardan biri olan "Web of Science" platforması üzrə genişmiqyaslı təlim keçirilib. Tədbirin məqsədi universitetin akademik heyəti və tələbələrin elmi araşdırma imkanlarını artırmaq, onları beynəlxalq tədqiqat alətləri ilə daha yaxından tanış etmək olmuşdur.
Təlim Clarivate şirkətinin Azərbaycan üzrə rəsmi nümayəndəsi İltifat İbrahimov tərəfindən aparılıb. Təqdimat zamanı o, "Web of Science" platformasının əsas funksiyalarını, üstünlüklərini və elmi tədqiqatlarda praktik istifadəsini iştirakçıların diqqətinə çatdırıb. Təlimdə resenziyalı jurnalların axtarışı, istinadların izlənməsi, impakt faktoru ilə bağlı məlumatların əldə olunması, jurnal keyfiyyətinin qiymətləndirilməsi və bibliometrik göstəricilərdən səmərəli istifadə imkanları geniş izah olunub.
Tədbirdə ADNSU-nun elmi işlər üzrə prorektoru, professor Lətafət Qardaşova, həmçinin elmmetrik bazaların ADNSU üzrə məsul nümayəndəsi Şamil Əhmədov çıxış ediblər. Çıxışlarda universitetdə elmi fəaliyyətin inkişafında belə təlimlərin vacibliyini vurğulanıb, beynəlxalq elmi platformalara çıxış imkanlarının genişləndirilməsinin əhəmiyyətindən danışılıb.
İştirakçılar – ADNSU-nun professor-müəllim heyəti, tədqiqatçılar, doktorant və magistrantlar platformadan effektiv istifadə yolları barədə ətraflı məlumat əldə ediblər. İltifat İbrahimov həmçinin, iştirakçıların çoxsaylı suallarını cavablandıraraq onların araşdırma və nəşr strategiyalarına dair praktiki tövsiyələrini bölüşüb.
Belə tədbirlər universitetdə tədqiqat mədəniyyətinin gücləndirilməsinə, əməkdaş və tələbələrin beynəlxalq elmi məkanla inteqrasiyasına, həmçinin ADNSU-nun qlobal akademik reytinqlərdə mövqeyinin yaxşılaşdırılmasına xidmət edir.