×

Xəbərlər

Xəbərlər 15 Apr 2025
ADNSU məzunu haqqında San Dieqo Dövlət Universitetinin rəsmi saytında məqalə dərc olunub

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) 2024-cü il məzunu Vaqif Qiyaslı haqqında San Dieqo Dövlət Universitetinin (SDSU) rəsmi internet səhifəsində geniş məqalə dərc edilib. Məqalədə onun ABŞ-a olan təhsil yolundan tutmuş, beynəlxalq akademik mühitdə ölkəmizi və mədəniyyətimizi necə təmsil etməsinə qədər bir çox vacib məqamlara yer verilib.

Elektrik mühəndisliyi üzrə magistratura təhsilini SDSU-da davam etdirən Vaqif Qiyaslı hazırda həmin universitetdə təhsil alan yeganə azərbaycanlı tələbədir. O, həm akademik fəaliyyətləri, həm də mədəni diplomatiya baxımından fəallığı ilə seçilərək universitetin beynəlxalq tələbə icmasında xüsusi yer qazanıb.

Məqalədə qeyd olunur ki, Vaqif Qiyaslı Azərbaycanın zəngin tarixə və mədəni irsə malik paytaxtı - Bakıdan gəlir. O, təhsil aldığı müddətdə Azərbaycan xalqının qonaqpərvərliyini və dəyərlərini də tanıtmaq istiqamətində mühüm addımlar atır.

Qeyd edək ki, Vaqif Qiyaslı mayın 2-də SDSU-nun Beynəlxalq Tələbə Mərkəzində keçiriləcək ənənəvi “Mədəni saat” tədbirində çıxış edəcək və bu dəfə tədbir Azərbaycan mədəniyyətinə həsr olunacaq. Təqdimatda iştirakçılara ölkəmizin tarixi, adət-ənənələri, mətbəxi və müasir siması barədə məlumatlar veriləcək. “Mədəni saat” tədbirləri SDSU-da müxtəlif ölkələrdən olan tələbələrin öz milli mədəniyyətlərini tanıtmaq məqsədilə hər həftə keçirilir və bu təşəbbüs beynəlxalq tələbələrin sosial inteqrasiyasını və mədəni mübadiləni gücləndirməyə xidmət edir.

Məqalədə həmçinin, Vaqifin ADNSU-da Energetika mühəndisliyi üzrə bakalavr səviyyəsində aldığı təhsilin və qazandığı biliklərin onun bu gün beynəlxalq akademik mühitdə uğurla irəliləməsində mühüm rol oynadığı da vurğulanır.

Məqalə ilə aşağıdakı keçid vasitəsilə tanış olmaq mümkündür: https://www.sdsu.edu/international-affairs/news-and-stories/azerbaijani-student-shares-journey

 


Paylaş