×

News

News 18 Apr 2025
ADAU-nun rektoru Zəfər Qurbanova “ADNSU-nun 100 illiyi yubiley medalı” təqdim edilib

Aprelin 18-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU)  Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) rektoru, ADNSU-nun məzunu Zəfər Qurbanova “Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 100 illiyi (1920-2020) yubiley medalı”nın təqdimetmə mərasimi keçirilib.

Tədbirdə açılış nitqi ilə çıxış edən ADNSU-nun rektoru, dosent Rüfət Əzizov yubiley medalının elm, təhsil, habelə neft və sənaye sahələrində yüksək nailiyyətlər əldə etmiş, bu sahələrin inkişafına xüsusi töhfə vermiş, sosial-mədəni sahənin inkişafında fəal iştirak etmiş şəxslərə verildiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Rektor, dosent Rüfət Əzizov Zəfər Qurbanovun ölkənin təhsil həyatındakı xidmətlərindən, onun rəhbərlik etdiyi ali təhsil müəssisəsində mütəxəssis kadrların yetişməsində və formalaşmasındakı rolundan danışıb. Rektor doğum günü olan Azİİ məzunu, dosent Zəfər Qurbanovu bu münasibətlə təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb.

Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, dosent Zəfər Qurbanov bir vaxtlar təhsil aldığı və çalışdığı ali təhsil ocağında səmimi qarşılanmaya və ona göstərilən böyük etimada görə təşəkkürünü bildirib. ADNSU-nun 100 illik yubiley medalı kimi mühüm bir təltifin onun üçün böyük qürur və məsuliyyət olduğunu diqqətə çatdırıb. O çıxışında iki universitetin əməkdaşlıq perspektivlərindən də bəhs edib.

Sonra ADNSU-nun rektoru, dosent Rüfət Əzizov dosent Zəfər Qurbanova ADNSU-nun 100 illiyi yubiley medalını təqdim edib.

Sonda qonaqlar ADNSU-nun laboratoriyalarını, kompüter otaqlarını, müasir auditoriyalarını gəziblər, yeni yaradılmış mərkəzlərlə daha da yaxından tanış olublar.


Share