×

Xəbərlər

Xəbərlər 25 Apr 2025
ADNSU-da iki gün davam edən Beynəlxalq elmi konfrans başa çatıb

Aprelin 25-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) ali təhsil ocağının 105 illik yubileyi münasibətilə təşkil olunan “MacroFrontiers 2025: MakromolekulluBirləşmələr üzrə 3-cü Beynəlxalq Elmi Konfrans” uğurla yekunlaşıb.

İki gün davam edən tədbirdə makromolekullar sahəsində aparılan son elmi-tədqiqatlar müzakirə olunub, beynəlxalq əməkdaşlığın genişləndirilməsi, aktual elmi çağırışların və gələcək tədqiqat istiqamətlərinin müəyyənləşdirilməsi məsələləri gündəmə gətirilib.

Konfransın proqramına müxtəlif mövzularda bölmə iclasları daxil idi. “Üzvisintezdə innovativ yanaşmalar”, “Makromolekullu birləşmələrin müasir sintez üsulları”, “Kompozit materialların hazırlanması və tətbiqi” və “Ətraf mühitvə sağlam qida” kimi başlıqlar altında keçirilən iclaslarda tanınmış alim və mütəxəssislər məruzələrlə çıxış ediblər. Elmi təqdimatlar ətrafında geniş müzakirələr aparılıb, sahə üzrə gələcək perspektivlər dəyərləndirilib.

ADNSU-nun Elmi işlər üzrə prorektoru, professor Lətafət Qardaşova bağlanış mərasimində çıxış edərək tədbirin əhəmiyyətindən bəhs edib. O, iştirakçıları salamlayaraq qeyd edib ki, ADNSU-nun qarşısında duran əsas məqsədlərdən biri milli tədqiqat universiteti statusunu əldə etməkdir və bu istiqamətdə mühüm işlər görülür. Onun sözlərinə görə, hər il universitetdə 10-dan çox yerli və beynəlxalq elmi konfranslar keçirilir. Artıq üçüncü ildir Kimya-texnologiya fakültəsinin dekanı, professor Sevinc Məmmədxanova və “Üzvi maddələr və yüksəkmolekullu birləşmələrin texnologiyası” kafedrasının müdiri, professor Fariz Əmirlinin təşəbbüsü ilə beynəlxalq səviyyəli bu konfrans təşkil olunur.

Çıxışı zamanı professor Lətafət Qardaşova universitetdə dünya elmini dəstəkləyən layihələrin icra olunduğunu vurğulayıb. O bildirib ki, elmi-tədqiqat və dissertasiya işlərinin keyfiyyətinin artırılması ADNSU-nun əsas prioritetlərindəndir və bu konfrans elmi nəticələrin qiymətləndirilməsi və yeni elmi ideyaların müzakirəsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Professor Lətafət Qardaşova Qardaşova konfransın yüksək səviyyədə təşkil olunduğunu, sessiyalarda müasir kimya sahəsindəki elmi trendlər, problemlər və onların həlli yolları ilə bağlı maraqlı müzakirələrin aparıldığını bildirib. Xarici və yerli alimlərin çıxışlarının olduqca dəyərli olduğunu qeyd edib. O, konfransın təşkilində əməyi olan universitet əməkdaşlarına, təşkilat komitəsinə və bütün iştirakçılara təşəkkür edib.

Sonra ADNSU-nun “Üzvi maddələr və yüksəkmolekullu birləşmələrin texnologiyası” kafedrasının müdiri, professor Fariz Əmirli konfransın yekunları haqqında hesabatla çıxış edib. O bildirib ki, builki tədbirə Azərbaycanın müxtəlif universitetləri və elmi-tədqiqat institutları ilə yanaşı, bir sıra xarici ölkələrdən də alimlər qatılıb. Ümumilikdə konfransa 307 elmi məqalə və 241 tezis təqdim olunub ki, onlardan 27 məqalə və 49 tezis xarici ölkə tədqiqatçılarına məxsusdur.


Paylaş