Aprelin 26-da Bakıda IV Beynəlxalq SƏTƏM Konfransı keçirilib. Tədbiri giriş sözü ilə açan “TCS” şirkətinin rəhbəri Anar Məlikov, Azərbaycanda əməyin təhlükəsizliyi və peşə xəstəlikləri ilə mübarizə sahəsində görülən işlər barədə geniş məlumat verib və bu işlərin beynəlxalq standartlara cavab verdiyini vurğulayıb.
Konfransda bir sıra müəssisə rəhbərləri və tanınmış SƏTƏM mütəxəssisləri də iştirak edərək müasir standartlara uyğun qanunvericiliyin tətbiqi sahəsində görülən işlərlə bağlı fikirlərini bölüşüblər.
Tədbirdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) “Sənaye təhlükəsizliyi və əmək mühafizəsi” kafedrasının əməkdaşları, tələbələri və məzunları da fəal iştirak ediblər. ADNSU-nun kafedra müdiri, professor Sakit Rəsulov çıxışında bildirib ki, son 3 ildə universitetin bütün texniki ixtisaslarında təhsil alan tələbələrə SƏTƏM fənni tədris olunur. Bu məqsədlə beynəlxalq standartlara uyğun fənn proqramı və dərsliklər (Azərbaycan və İngilis dillərində) hazırlanıb. Yüksək nəticə göstərən tələbələrə I səviyyə SƏTƏM sertifikatı təqdim edilir.
Konfransın sonunda mükafatlandırma mərasimi keçirilib. Tədbir iştirakçılarının diqqətinə çatdırılıb ki, ADNSU ölkədə əməyin mühafizəsi sahəsində gənc kadrların hazırlanmasında mühüm rol oynayır və bu xidmətlərinə görə universitet xüsusi mükafata layiq görülüb.