Qazaxıstanın Satbayev adına Milli Elmi-Tədqiqat Texniki Universitetinin tələbələri Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) iki həftəlik elmi-tədqiqat təcrübəsini uğurla tamamlayıblar.
Universitetlər arasında əməkdaşlıq çərçivəsində həyata keçirilən bu təcrübə proqramı tələbələr üçün nəzəri biliklərini praktiki mühitdə tətbiq etmək imkanı yaradıb. Proqram müddətində tələbələr geologiya, logistika, neft-qaz mühəndisliyi və süni intellekt ixtisaslarına uyğun sahələr üzrə elmi-tədqiqat işlərinə cəlb olunublar. Onlar ADNSU-nun müasir laboratoriyalarında təcrübələr aparıb universitetin tədris prosesi ilə yaxından tanış olublar.
Elmi fəaliyyətlə yanaşı, qonaq tələbələr üçün universitetin tarixini və Azərbaycan mədəniyyətini tanımağa imkan verən ekskursiyalar da təşkil olunub. Onlar ADNSU-nun Tarix Muzeyini ziyarət edib universitetin keçdiyi inkişaf yolu barədə ətraflı məlumat alıblar. Mineralogiya Muzeyində isə müxtəlif növ minerallarla tanış olub onların adları, kimyəvi tərkibi və tapıldığı yataqlar haqqında geniş informasiya əldə ediblər.
Qazaxıstanlı tələbələr ADNSU-da keçirdikləri vaxtı yüksək dəyərləndirərək əldə etdikləri bilik və təcrübənin onların gələcək karyeralarında mühüm rol oynayacağını bildiriblər.
Sonda uğurlu təcrübəyə görə tələblər sertifikata layiq görülüblər