Mayın 5-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Azad Mirzəcanzadə İnkişaf Proqramı” çərçivəsində infosessiya təşkil olunub.
Tədbirdə çıxış edən ADNSU-nun Beynəlxalq əlaqələr üzrə prorektor müavini, dosent Ülviyyə Abbasova akademik Azad Mirzəcanzadənin Azərbaycan elminə verdiyi töhfələr, onun zəngin elmi fəaliyyəti və yetişdirdiyi mütəxəssislər haqqında tələbələrə ətraflı məlumat verib. O, akademikin adına təsis olunan inkişaf proqramının tələbələr üçün geniş imkanlar yaratdığını vurğulayıb və onları belə layihələrdə fəal iştirak etməyə çağırıb.
Proqramın direktoru Leyla Seyidzadə çıxışında bildirib ki, “Azad Mirzəcanzadə İnkişaf Proqramı” son illər ölkəmizdə təhsilin və xüsusilə də gənclərin inkişafına yönəlmiş təşəbbüslər çərçivəsində həyata keçirilir. O, proqramın məqsədi, iştirak şərtləri, əhatə etdiyi istiqamətlər, icra mərhələləri və qeydiyyat prosesi barədə tələbələrə ətraflı məlumat verib. L.Seyidzadə qeyd edib ki, proqrama təqdim olunan layihə təklifləri aktuallıq, reallıq, innovativlik və yenilikçilik meyarlarına əsasən qiymətləndiriləcək. İkinci mərhələdə iştirakçılara layihələrin hazırlanması və təqdimatı sahəsində peşəkar dəstək göstəriləcək, eləcə də onların liderlik bacarıqlarının inkişafı üçün müxtəlif fəaliyyətlər təşkil ediləcək. Sonda qalib gələn layihələrin icrası üçün maliyyə dəstəyi ayrılacaq.
Tədbir tələbələrin suallarının cavablandırılması ilə davam edib.
Qeyd edək ki, “Azad Mirzəcanzadə İnkişaf Proqramı” çevik və innovativ düşüncəyə sahib, yeni imkanları dəyərləndirən, aktual problemlərə yaradıcı yanaşma sərgiləyən və dayanıqlı gələcəyə töhfə verməyə çalışan gənclərin üzə çıxarılmasına və onların inkişafına dəstək göstərilməsinə xidmət edir.