×

Xəbərlər

Xəbərlər 12 May 2025
ADNSU iqlim dəyişikliklərinə qarşı qlobal akademik şəbəkəyə qoşulub

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) Beynəlxalq Təhsilverənlər üçün İqlim Fəaliyyəti Şəbəkəsinə qoşulub.

Universitetin bu nüfuzlu beynəlxalq platformaya üzv olması ekoloji məsuliyyətin artırılması, qlobal iqlim dəyişikliklərinə qarşı birgə mübarizə və davamlı inkişaf məqsədlərinə töhfə vermək istiqamətində atılmış mühüm addım kimi qiymətləndirilir. 

The Climate Action Network for International Educators (CANIE) beynəlxalq təhsil sahəsində fəaliyyət göstərən qurum və mütəxəssisləri bir araya gətirən aparıcı şəbəkədir. Təşkilatın əsas məqsədi ali təhsil və akademik mobillik sektorunun iqlim dəyişikliyi ilə mübarizədə fəal iştirakını təşviq etmək, bu sahədə praktiki həll yollarının formalaşdırılmasına töhfə verməkdir. Sözügedən şəbəkənin QS Dayanıqlılıq Reytinqi tərəfindən tanınması qurumun ali təhsil sahəsində iqlim dəyişikliyi ilə mübarizədə artan qlobal təsirini göstərir.

ADNSU-nun bu təşəbbüsə qoşulması, universitetin mühəndislik yönümlü təhsil strategiyasını ekoloji dayanıqlıqla uzlaşdırmaq, gələcək mühəndislərin iqlim dəyişikliklərinə qarşı məsuliyyətli şəkildə hazırlanması baxımdan da önəmlidir. Bu, həm də ali təhsil müəssisəsinin beynəlxalq əməkdaşlıq sahəsində fəaliyyətinin genişləndirilməsi və qlobal çağırışlara cavab vermək istiqamətində atdığı ardıcıl addımların davamı olaraq da mühüm əhəmiyyət kəsb edir.


Paylaş