×

Xəbərlər

Xəbərlər 13 May 2025
ADNSU-da magistr proqramları üzrə “Açıq qapı” günü keçirilib

Mayın 13-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) magistratura səviyyəsi üzrə “Açıq qapı” günü keçirilib.

Tədbir iştirakçılarına əvvəlcə universitetin fəaliyyəti və tədris imkanlarını əks etdirən qısa videoçarx təqdim olunub. Daha sonra ADNSU-nun Magistratura şöbəsinin müdiri Milyənət Urazayeva çıxış edərək magistratura pilləsi üzrə tədris olunan ixtisaslar, qəbul şərtləri və universitetdə magistratura təhsilinin üstünlükləri barədə ətraflı məlumat verib.

Ardınca ADNSU-nun nəzdində fəaliyyət göstərən UFAZ-ın magistratura proqramının koordinatoru Gülarə Abdunova təqdimatla çıxış edərək 2024/2025-ci tədris ili üzrə UFAZ-ın akademik göstəriciləri, maddi-texniki bazası, təklif olunan magistratura ixtisasları, eləcə də tədris imkanları haqqında iştirakçıları məlumatlandırıb.

Tədbirdə həmçinin, ADNSU-nun tədris proqramları üzrə digər nümayəndələr çıxış ediblər. Belə ki, ADNSU-Vorvik Universiteti ikili diplom proqramının direktoru Rafiq Əliyev “Bərpa olunan enerji mənbələri” ixtisası üzrə ikili diplom proqramı barədə, SABAH Mərkəzinin rəhbəri Arzu İbrahimova SABAH magistratura proqramına qəbul prosesi ilə bağlı, BA proqramlarının direktor müavini Nigar Adilova isə MBA proqramlarının məzmunu və üstünlükləri haqqında ətraflı məlumat veriblər.

Sonda tədbir iştirakçılarının magistratura proqramları ilə bağlı sualları cavablandırılıb.


Paylaş