Mayın 13-dən Bakı Ekspo Mərkəzində XXX Yubiley Azərbaycan Beynəlxalq Qida Sənayesi - “InterFood Azerbaijan” və XVIII Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı - “Caspian və Agro” sərgiləri başlayıb.
Mayın 13-də Bakı Ekspo Mərkəzində XXX Yubiley Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi – "InterFood Azerbaijan" və XVIII Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi – "Caspian Agro" öz işinə başlayıb. Sərgilər Bakı Ekspo Mərkəzinin bütün pavilyonlarını və açıq sahəsini əhatə edir. Bu beynəlxalq sərgilərdə 31 ölkədən 450 şirkət iştirak edir.
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) iki startup layihəsi sərgidə ziyarətçilərə təqdim olunur. Onlardan biri – "Healwith" startupı süni intellekt vasitəsilə xəstə bitkilərin şəkli əsasında diaqnoz qoyur və onların müalicəsi ilə bağlı tövsiyələr verir. Digər layihə – "Vecta" isə torpaqda baş verən dəyişiklikləri real vaxtda izləməklə, hansı qida elementlərinin çatışmazlığını müəyyənləşdirməyə imkan yaradır.
Mayın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sərgilərlə tanış olarkən ADNSU-nun "Healwith" startapı da dövlət başçısına təqdim olunub.
Qeyd edək ki, artıq milli brendə çevrilmiş "InterFood Azerbaijan" və "Caspian Agro" sərgiləri Xəzər regionunda kənd təsərrüfatı və qida sənayesi sahəsində ən irimiqyaslı tədbirlər hesab olunur. Ziyarətçilərin və iştirakçıların marağını nəzərə alaraq, sərgilər bu il dörd gün davam edəcək.