×

Xəbərlər

Xəbərlər 14 May 2025
ADNSU-da tələbələrin sağlamlığına həsr olunmuş maarifləndirici sessiya keçirilib

Mayın 14-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Sağlam Sabah” layihəsi çərçivəsində tələbələrin fiziki və psixoloji sağlamlığına dair məlumatlandırıcı sessiya təşkil olunub.

Tədbirin əsas məqsədi BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərindən biri olan DİM 3 – “Sağlamlıq və rifah” istiqamətində gənclərin maarifləndirilməsi və onların sağlam həyat tərzinə təşviq olunması olub.

ADNSU-nun Karyera mərkəzinin təşkilatçılığı ilə keçirilən sessiyada 14 və 16 saylı şəhər poliklinikalarının, həmçinin Bakı Baş Səhiyyə Mərkəzinin müvafiq struktur bölmələrinin mütəxəssisləri iştirak ediblər. Mütəxəssislər sağlam həyat tərzi, psixoloji rifah və akademik mühitdə sağlamlığın qorunması mövzularında çıxışlar edərək tələbələri maarifləndiriblər.

Tədbirin ikinci hissəsi isə genderə uyğun olaraq – qız və oğlan tələbələr üçün ayrı-ayrılıqda infosessiyalar formatında keçirilib. Bu sessiyalarda reproduktiv sağlamlıqla bağlı daha ətraflı və məqsədyönlü məlumatlar təqdim olunub. Tələbələrin sualları cavablandırılıb, mövzu ətrafında geniş müzakirələr aparılıb.

Belə maarifləndirici tədbirlər gənclərin sağlamlıqla bağlı düzgün və elmi əsaslara söykənən biliklər əldə etməsinə şərait yaradır, onların sağlam həyat tərzinə yönləndirilməsində əhəmiyyətli rol oynayır.


Paylaş