Mayın 15-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) bp-nin maliyyə dəstəyi ilə həyata keçirilən "ADNSU-da Bərpa Olunan Enerji Proqramını dəstəkləmək üçün tədris və öyrənmə bacarıqlarının gücləndirilməsi" layihəsi çərçivəsində British Council ilə birgə pedaqoji heyətə sertifikatların təqdimetmə mərasimi keçirilib.
Tədbirdə çıxış edən ADNSU-nun rektoru, professor Rüfət Əzizov qonaqları salamlayaraq universitet ilə British Council və bp şirkəti arasında mövcud olan səmərəli əməkdaşlıqdan bəhs edib. O, tədris və tədqiqat sahələrində innovativ yanaşmaların tətbiqi baxımından müəllimlərin xarici dil biliklərinin inkişaf etdirilməsində British Council ilə əməkdaşlığın mühüm rol oynadığını vurğulayıb və bu əməkdaşlığın davamlı olacağına inandığını bildirib.
Daha sonra bp-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli və British Council-ın Azərbaycan üzrə ölkə direktoru Nərgiz Hacıyeva çıxış edərək layihənin məqsədləri, əldə olunan nəticələr və gələcək perspektivlər haqqında məlumat veriblər.
Sonda layihə çərçivəsində təşkil edilən ingilis dili təlimlərini uğurla başa vurmuş 43 nəfər müəllimə sertifikat təqdim olunub.