Mayın 15-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, dosent Rüfət Əzizov Bakı Ekspo Mərkəzində keçirilən “Caspian Agro” sərgisində tələbələrimizin təqdim etdiyi innovativ layihələrlə tanış olub.
Sərgi çərçivəsində təşkil olunan panel sessiyada çıxış edən rektor Rüfət Əzizov tədbirin əhəmiyyətini vurğulayaraq bildirib ki, belə sərgilər aqrar-sənaye sahəsində müasir texnologiyaların tətbiqi, universitet-sənaye əməkdaşlığının inkişafı, təcrübə mübadiləsi və qarşılıqlı faydalı tərəfdaşlıqların qurulması baxımından mühüm platformadır.
Qeyd edək ki, mayın 13-dən 16-dək Bakı Ekspo Mərkəzində XXX Yubiley Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi – “InterFood Azerbaijan” və XVIII Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi – “Caspian Agro” keçirilir. Nüfuzlu beynəlxalq sərgilərdə 31 ölkədən 450 şirkət iştirak edir.
ADNSU sərgidə iki startap layihəsi ilə təmsil olunub. Tələbələrimizin təqdim etdiyi layihələr ziyarətçilər tərəfindən maraqla qarşılanıb.