×

Xəbərlər

Xəbərlər 16 May 2025
“TələbəPlus” layihəsi tələbələr üçün yeni imkanlar yaradır

Mayın 16-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “TələbəPlus” layihəsi ilə bağlı növbəti infosessiya təşkil olunub.

Tədbirdə Təhsilin İnkişafı Fondunun Layihələrin idarəolunması şöbəsinin aparıcı mütəxəssisi Almaz Axundzadə çıxış edərək “TələbəPlus” layihəsi və onun təqdim etdiyi imkanlar barədə tələbələrə ətraflı məlumat verib. O, layihənin əhatə dairəsi, istifadə imkanları və gözləntiləri barədə geniş təqdimatla çıxış edib.

Daha sonra “Baku Design Academy”in konsultantı Əlihüseyn Rəsulov akademiyanın tələbələr üçün təklif etdiyi imkanlar və gələcək əməkdaşlıq perspektivləri haqqında danışıb.

“Peerstack Academy”in əməliyyatlar üzrə rəhbəri Məryəm Abbaszadə isə tələbələr üçün təqaüd imkanları təqdim edən “Peerstack Academy” İT yönümlü təhsil mərkəzi haqqında təqdimatla çıxış edib.

Tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb.

Qeyd edək ki, “TələbəPlus” layihəsi Təhsilin İnkişafı Fondu, “Kapital Bank” və “Visa” beynəlxalq ödəmə texnologiyaları şirkətinin birgə təşəbbüsü ilə həyata keçirilir. Layihənin məqsədi tələbələrə güzəşt və endirimlər təqdim etməklə yanaşı, onların maliyyə əlçatanlığını artırmaq, gündəlik xərcləri səmərəli şəkildə idarə etmək və sosial həyatlarına dəstək göstərməkdir. 


Paylaş