Mayın 20-dən etibarən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Azİİ e-Kitab Evində “İnsan Hüquqları Aylığı” çərçivəsində sərgi təşkil olunub.
Sərgi Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən hər il ənənəvi olaraq elan edilən “İnsan Hüquqları Aylığı” - 2025-ci il üçün 18 may-18 iyun tarixlərini əhatə edən tədbirlər planı çərçivəsində keçirilir.
Sərgidə sosial-hüquqi statusundan asılı olmayaraq hər kəsin hüquqlarını əks etdirən, hüquq mədəniyyətinin inkişafına töhfə verən, həmçinin ayrı-seçkilik, korrupsiya, zorakılıq və zərərli vərdişlərə qarşı mübarizənin vacibliyini vurğulayan kitablar, broşürlər və bukletlər nümayiş olunur.
Ümumilikdə sərgidə 50-yə yaxın nəşr oxucuların ixtiyarına verilib. Sərgi 20 iyuna qədər davam edəcək.