Mayın 20-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) nümayəndələrinin iştirakı ilə könüllülük fəaliyyəti və tələbələrin təcrübə proqramlarına qoşulması mövzusunda məlumatlandırıcı tədbir keçirilib.
Tədbirdə Kimya texnologiya fakültəsinin əyani şöbəsində “Qida mühəndisliyi” ixtisası üzrə təhsil alan III və IV kurs bakalavriat tələbələri iştirak ediblər. Görüşdə ADNSU-nun “Üzvi maddələr və yüksəkmolekullu birləşmələrin texnologiyası” kafedrasının müdiri, professor Fariz Əmirli könüllülük fəaliyyətinin yerli və beynəlxalq tədbirlərdə gənclərin inkişafına verdiyi töhfədən bəhs edib.
AQTİ İdarə Heyəti sədrinin müşaviri Hüseyn Məmmədov çıxışında ölkədə gənclər üçün yaradılan imkanlar və könüllülük fəaliyyətinin önəmi haqqında məlumat verib. AQTA-nın Hüquq, Kadr və İcraya Nəzarət Şöbəsinin Dövlət Qulluğu və Kadr Məsələləri Sektorunun müdiri Tural Əlizadə IV kurs tələbələrinin işə qəbul qaydalarını ətraflı şəkildə izah edib.
AQTİ-nin Analitik Ekspertiza Mərkəzinin müdir müavini Nərmin Babayeva mövcud laboratoriyalar və onların fəaliyyəti ilə bağlı təqdimatla çıxış edib. Tədbir çərçivəsində AQTİ-nin Təlim Mərkəzi Şöbəsinin müdiri Samir Mehralıyev könüllülərin bilik və bacarıqlarının inkişafı məqsədilə təşkil edilən davamlı təlim və tədbirlər barədə məlumat verib.