Mayın 21-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Elmi Şuranın növbəti iclası keçirilib.
İclası universitetin rektoru, dosent Rüfət Əzizov açaraq gündəlikdə yer alan məsələləri şura üzvlərinə təqdim edib və gündəlik təsdiqlənib. Dosent Rüfət Əzizovun sədrliyi ilə keçirilən iclasda universitetin fəaliyyət planı, görüləcək işlər, perspektivlər və konkret hədəflər müzakirə olunub.
İclasda “Neftin, qazın geotexnoloji problemləri və kimya” Elmi-Tədqiqat İnstitutunun fəaliyyətinə dair institutun direktoru, professor Rauf Əliyarov hesabatla çıxış edib. Həmçinin, Elm və Təhsil Analitik Mərkəzinin illik fəaliyyəti haqqında Elmi işlər üzrə prorektor, professor Lətafət Qardaşova və Rəqəmsal İnkişaf və İnnovasiya Mərkəzinin illik fəaliyyəti üzrə mərkəzin direktoru Elviz İsmayılov hesabat verib.
Gündəlikdəki əsas məsələlərdən biri kimi ADNSU-nun 2026–2030-cu illəri əhatə edən strateji inkişaf planı şura üzvlərinə təqdim edilib. Rektor Rüfət Əzizovun təqdimatında universitetin elmi-tədqiqat fəaliyyətinin təşviqi mexanizmlərinin qurulması və tətbiqi, elmi-tədqiqatların kommersiyalaşdırılması, elmi məqalələrin say və keyfiyyətinin artırılması, tədris proqramlarının beynəlxalq standartlara uyğunlaşdırılması, beynəlxalq əməkdaşlığın genişləndirilməsi, universitet-sənaye əməkdaşlığının inkişafı, səmərəli idarəetmə sisteminin qurulması, keyfiyyət təminatı və akademik heyətin tədqiqat bacarıqlarının inkişafı kimi mühüm istiqamətlər əhatə olunub.
Komanda şəklində yüksək nəticələrin əldə olunmasının mümkünlüyünü vurğulayan rektor bildirib ki, qarşıya qoyulan məqsədlərə çatmaq üçün hər kəs öz vəzifə və öhdəliklərini yüksək səviyyədə yerinə yetirməli, təhsilin və elmin inkişafına töhfə verməlidir.
İclasda gündəliyə uyğun digər mühüm məsələlər də şura üzvləri ilə müzakirə edildikdən sonra yekdil qərarlar qəbul olunub. Rektor, dosent Rüfət Əzizov müzakirə olunan məsələlərlə bağlı fikir və təkliflərini səsləndirib, aidiyyəti üzrə konkret tapşırıqlar verib.