Mayın 22-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Azİİ e-Kitab Evində “Neft dispers sistemlərinin reologiyası” adlı monoqrafiyanın təqdimatı keçirilib.
Tədbirdə Azİİ e-Kitab Evinin direktoru Səlahət Mahmudova, elmi işlər üzrə prorektor, professor Lətafət Qardaşova, Qaz-neft-mədən fakültəsinin dekanı, professor Elman İskəndərov, monoqrafiyanın müəllifi professor Sakit Rəsulov, həmçinin kafedra müdirləri – professor Şahin İsmayılov, professor Hüseyn Qurbanov, professor Arif Məmmədzadə və digər əməkdaşlar çıxış edərək əsərin elmi və praktiki əhəmiyyətindən danışıblar.
Qeyd edək ki, monoqrafiyanın müəllifləri Qaz-neft-mədən fakültəsinin “Sənaye təhlükəsizliyi” kafedrasının müdiri, texnika elmləri doktoru, professor Sakit Rəsulov, texnika üzrə fəlsəfə doktoru, dosent Manaf Manafov, kimya elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvü Dilqəm Tağıyev və texnika elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü Qüdrət Kəlbəliyevdir.
2024-cü ildə "Elm" nəşriyyatında çap olunan bu elmi əsər neft dispers sistemlərində reologiya, hidrodinamika, istilik və kütlə mübadiləsi sahəsində çalışan mütəxəssislər, eləcə də müvafiq texnoloji ixtisaslar üzrə təhsil alan tələbə və doktorantlar üçün nəzərdə tutulub. Kitab artıq Azİİ e-Kitab Evinin fondunda və elektron kataloqunda oxucuların istifadəsinə verilib.