×

Xəbərlər

Xəbərlər 23 May 2025
ADNSU əməkdaşları Ufa şəhərində enerji sənayesinə həsr olunmuş beynəlxalq forumda uğurla iştirak ediblər

2025-ci il 20–23 may tarixlərində Rusiyanın Ufa şəhərində 33-cü Beynəlxalq ixtisaslaşmış “Qaz – Neft – Texnologiyalar – 2025” adlı forum keçirilib. Ənənəvi olaraq hər il təşkil olunan bu beynəlxalq tədbir neft-qaz sənayesi üzrə mütəxəssisləri, elmi-tədqiqat və təhsil müəssisələrinin nümayəndələrini, eləcə də sənaye liderlərini bir araya gətirərək qarşılıqlı əməkdaşlıq imkanlarının müzakirəsinə şərait yaradır.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetini (ADNSU) bu nüfuzlu tədbirdə Kimya-texnologiya fakültəsinin professoru Elvira Hüseynova və Qaz-neft-mədən fakültəsinin dosenti İnqlab Əliyev təmsil ediblər. ADNSU nümayəndələri forumda  və forum çərçivəsində təşkil olunan sərgidə fəal iştirak ediblər.

Forumun texniki bölməsində dosent İnqlab Əliyev “Experimental and field experience of the hydrodynamic EOR implementation in order to improve the oil recovery at the last stage of development” mövzusunda elmi məruzə ilə çıxış edib. Onun təqdimatı tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Forumda Qazaxıstan, Misir, Fələstin, Əlcəzair, Özbəkistan, Qırğızıstan, Belarus, Kuba və Liviya kimi ölkələri təmsil edən universitet və sənaye müəssisələrinin nümayəndələri iştirak ediblər. Ümumilikdə forum çərçivəsində 56-dan çox tədbir keçirilib və 500-dən artıq spiker çıxış edib. Müzakirələrdə neft və qaz yataqlarının işlənməsi, neft-kimya sənayesi, emal və sənaye texnologiyaları, logistika və mühəndislik xidmətləri, İT və avtomatlaşdırma sistemləri, katalizatorlar və adsorbentlərin istehsalı kimi mövzular əhatə olunub.

Forum çərçivəsində ADNSU nümayəndələri Ufa şəhərində yeni istifadəyə verilmiş və müxtəlif universitetlərin birgə istifadəsində olan Avrasiya Elm və Təhsil Mərkəzinin fəaliyyəti ilə tanış olublar. Bundan əlavə, onlar Ufa Dövlət Neft Texniki Universitetinin (UDNTU) tədris binalarını, universitet muzeyini və elmi-tədqiqat laboratoriyalarını ziyarət ediblər. Səfər çərçivəsində həmçinin, ADNSU və UDNTU arasında birgə elmi-tədqiqat işlərinin aparılması, həmçinin elmi və tədris sahələrində beynəlxalq universitetlər və sənaye müəssisələri ilə əməkdaşlığın genişləndirilməsi istiqamətində müzakirələr aparılıb.


Paylaş