×

Xəbərlər

Xəbərlər 23 May 2025
“Yaşıl ətraf mühit” təşəbbüsündə ADNSU tələbələrinin təqdimatı maraqla qarşılanıb

Mayın 23-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Yaşıl ətraf mühit” layihəsi çərçivəsində seminar keçirilib.

Tədbirdə çıxış edən universitetin beynəlxalq əlaqələr üzrə prorektor müavini, dosent Ülviyyə Abbasova Birləşmiş Millətlər Təşkilatının Qlobal Məqsədləri kimi tanınan “Dayanıqlı İnkişaf Məqsədləri”nin əhəmiyyətindən danışıb. O, gənc doktorant və tədqiqatçıların bu istiqamətdə fəaliyyətlərinin təşviq olunması və dəstəklənməsi üçün belə platformaların vacibliyini vurğulayıb.

Seminarda ADNSU-nun doktorantı Roman Həsənov “Universitet laboratoriyaları üçün eko göstəricilər: ətraf mühitə təsirimizin ölçülməsi” mövzusunda təqdimatla çıxış edib. O, yaşıl laboratoriyaların yaradılması və təkmilləşdirilməsi üçün effektiv həllər irəli sürüb.

Daha sonra ADNSU-nun nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinin (UFAZ) tələbələri – Şövkət Şəfiyeva, Mədinə Bayramlı, Fərhad Allahverdiyev, Elgün Seyidov və Eldəniz Tağıyev “Banan qabıqlarından bioplastik hazırlanması və yaşıl kimya” mövzusunda təqdimatla çıxış ediblər. Onlar təhlükəli maddələrin istifadəsini və istehsalını minimuma endirən məhsul və proseslərin tətbiq imkanları barədə məlumat veriblər, həmçinin banan qabıqlarından ekoloji cəhətdən təmiz məhsulun necə əldə olunduğunu izah ediblər.

Hər iki təqdimatdan sonra müəllim və tələbələrin sualları cavablandırılıb, mövzu ətrafında fikir mübadiləsi və müzakirələr aparılıb.


Paylaş