Mayın 26-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Karyera Mərkəzinin təşkilatçılığı ilə “Təhlükəli kimyəvi maddələrin idarəedilməsi – saxlama, istifadə və daşınma üzrə beynəlxalq qaydalar” mövzusunda maarifləndirici sessiya keçirilib.
Tədbirdə çıxış edən ADNSU-nun "Sənaye təhlükəsizliyi və əmək mühafizəsi" kafedrasının müdiri, professor Sakit Rəsulov qonaqları salamlayaraq beynəlxalq təcrübədə əməyin mühfizəsi və idarəedilməsinin aktuallığından danışıb və mövzu üzrə gənclərin maarifləndirilməsinin vacibliyini qeyd edib.
Tədbirdə Ətraf mühit elmləri üzrə fəlsəfə doktoru, ABŞ, Şimali İllinoys Universitetinin müəllimi Dr. Gülçöhrə Əliyeva təhlükəli kimyəvi maddələrin idarəedilməsi sahəsində beynəlxalq təcrübəyə dair təqdimatla çıxış edərək saxlama, istifadə və daşınma zamanı tətbiq olunan əsas hüquqi-normativ çərçivə və təhlükəsizlik prinsipləri haqqında ətraflı məlumat verib.
Təqdimatdan sonra iştirakçılarla birgə müxtəlif real situasiyalar əsasında praktiki vəziyyətlər müzakirə olunaraq beynəlxalq standartlara uyğun yanaşmalar və qərarvermə mexanizmləri təhlil edilib.
Sessiyanın sonunda fəal iştirak edən tələbələrə sertifikatlar təqdim olunub.