Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) 28 May – Müstəqillik Gününə həsr olunmuş “Tarixi Müstəqilliyə Gedən Yol və Heydər Əliyev İdeyaları” adlı dəyirmi masa təşkil edilib.
Tədbirin əvvəlində Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Açılış nitqi ilə çıxış edən ADNSU rektorunun sosial məsələlər üzrə müşaviri Nəsibə Əmirbəyova Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının dövlət səviyyəsində qeyd olunmasında və 1918–1920-ci illərdəki nailiyyətlərin dünyaya tanıdılmasında Ümummilli Lider Heydər Əliyevin misilsiz xidmətlərini vurğulayıb. O, həmçinin Prezident İlham Əliyevin Xalq Cümhuriyyətinin siyasi və mənəvi varisi olan müstəqil Azərbaycan dövlətinin dövlətçilik ideya və ənənələrini davam etdirdiyini, bu gün Müasir Azərbaycan Dövlətinin dünyada qüdrətli, güclü dövlət kimi tanındığını bildirib.
Tədbirdə həmçinin, 28 May – Müstəqillik Gününə həsr olunmuş sənədli film nümayiş olunub.
Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin İdarə Heyətinin üzvü Salman Salmanov çıxışında bildirib ki, cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti böyük işlər görüb, xalqımızın qədim dövlətçilik ənənələrini yaşadaraq müasir dövlət təsisatlarının əsasını qoyub.
Daha sonra ADNSU Tələbə Həmkarlar İttifaqı Komitəsi Kitab Klubunun sədri Sənan Hüseynov çıxış edərək qeyd edib ki, 1918-ci il mayın 28-də elan olunmuş Azərbaycan Xalq Cümhuriyyəti demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi idi. Bu il müsəlman Şərqində ilk parlamentli respublikanın - Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 107 ili tamam olur. 1991-ci ildə SSRİ-nin süqutundan sonra Azərbaycan Respublikası özünü Xalq Cümhuriyyətinin varisi elan edərək dövlət müstəqilliyini bərpa edib.
Tədbirdə həmçinin, ADNSU TGT sədri İntiqam Quliyev və təşkilatın fəal üzvü Adəm İlyaszadə çıxış edərək suveren Azərbaycan gəncliyinin inkişaf dinamikasından, tarixə olan bağlılığından və elmi-ictimai fəaliyyətlərindən bəhs ediblər.